BAKI, 7 iyun — Sputnik. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin ucaldılacaq heykəl kompozisiyasının eskizi hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, heykəl kompozisiyasının müəllifi, Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədovdur. Heykəl kompozisiyada Nizami Gəncəvinin ayrıca abidəsi və yanında müəllifi olduğu "Xəmsə"yə aid əsərlərin qəhrəmanları olacaq. "Xəmsə"yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiya dairəvi şəkildə olacaq, yuxarıdan baxanda isə səkkizguşəli ulduz formasında görünəcək.
Nizami Gəncəvinin bürüncdən olan heykəlinin hündürlüyü 2 metr, "Xəmsə"yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiyanın hündürlüyü isə 3-3,5 metr olacaq. Xatırladaq ki, mayın sonlarında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. "Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.
Eləcə də oxuyun:
Nizaminin əsəri daha bir ölkənin oxucularını əfsunlayacaq
"Yüyürmə! Gördüyün yalnız sərabdır..." - FOTO
Türkiyədə "Nizami Gəncəvi İli"nə həsr olunan xatirə pulu buraxılıb