BAKI, 7 iyun — Sputnik. "ASAN xidmət" mərkəzinin əməkdaşı, paralimpiyaçımız Vüsalə Kərimova Vətən müharibəsi veteranı Vaqif Babazadə ilə ailə qurub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "ASAN Xidmət" məlumat verib.
Qeyd edək ki, Vaqif Babazadə Vətən müharibəsindəki qəhrəmanlığına görə "Ağdamın azad olunmasına görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Azərbaycanlı paralimpiyaçı Vüsalə Kərimova əlil arabasında idman rəqsləri üzrə beynəlxalq turnirlərdə dəfələrlə ölkəmizə qalibiyyət qazandırıb. O, 2013-cü ildə Moskvada keçirilən “Qitələr Kuboku”nda latın-amerikası proqramı üzrə 1-ci yeri tutaraq qızıl medala layiq görülüb. Vüsalə idman rəqsləri ilə yanaşı qılıncoynatma ilə də məşğuldur və Azərbaycan çempionatında gümüş medal mükafatçısıdır. Paraşütdən tullanmaq onun uşaqlıq arzusu idi. Daim arzularının ardınca gedən Vüsalə Moskvada Heydər Əliyevin 90 illiyinə həsr olunmuş layihə çərçivəsində 4 min metr yüksəklikdən paraşütlə tullanır.
Beləliklə, o Azərbaycanda ilk əlilliyi olan qadın paraşütçü hesab olunur. 7 il piano dərsləri alan Vüsalə bu alətdə mahir ifa edə bilir. Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələrə görə 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.