İQTİSADİYYAT

Azərbaycanda yeni tərəvəz növləri yaradılıb

Dequstasiya üçün seleksiyaçı alim və mütəxəssislərinin yaratdığı pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni növləri təqdim olunub.
Sputnik

BAKI, 7 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz, o cümlədən kartof növlərinin dequstasiyası keçirilib.

Sputnik Azərbaycan-ın nazirliyə istinadən verdiyi məlumata görə, tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin nazirliyin müvafiq şöbələrinin məsul şəxsləri, elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak edib. Yeni yaradılmış növlər haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat verib.

Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssislərinin yaratdığı pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni növləri təqdim olunub. Təqdim olunmuş tərəvəz növləri təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.

Yeni növlər bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, tərəvəzin dadı, əmtəllik olması, biokimyəvi tərkibi və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə 5 ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni növü təqdim olunub. Pomidor, xiyar və bibər növlərinin istixana şəraitində becərilməsi nəzərdə tutulur.