MƏDƏNİYYƏT

Qafqazlılar haqda ən məşhur filmin ssenaristi vəfat etdi

Film müəllifliyindən əlavə, Qabriadze həm də rəssam, heykəltaraş və kitab qrafikası ustası idi. Onun əsərləri Moskva, Sankt-Peterburq, Paris, Vyana, Dijon şəhərlərində sərgilənib.
Sputnik

BAKI, 6 iyun - Sputnik. Rəssam, teatr və kino rejissoru, "Mimino" və "Kin-dza-dza" kimi filmlərin ssenaristi Rezo Qabriadze dünyadan köçüb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı "Rustavi-2" telekanalı sənətkarın ailə üzvlərinə istinadən yayıb.

"Rezo Qabriadze 84 yaşında vəfat edib. Rəssam, teatr və kino rejissoru, yazıçı və həykəltaraş 1936-cı ildə Kutaisidə doğulmuşdu. O, 36-dan çox filmin, o cümlədən "Mimino", "Ar daidardo", "Şerekilebi", "Qeyri-adi sərgi", "Üç nəfər yolda" filmlərinin müəllifi idi", - TV-nin məlumatında deyilir.

Film müəllifliyindən əlavə, Qabriadze həm də rəssam, heykəltaraş və kitab qrafikası ustası idi. Onun əsərləri Moskva, Sankt-Peterburq, Paris, Vyana, Dijon şəhərlərində sərgilənib. Münhendəki "Eyzenşteyndən Tarkovskiyədək" sərgisinin iştirakçısı olub. Onun rəngkarlıq, qrafika əsərləri, heykəlləri Rusiya, ABŞ, Almaniya, İsrail, Fransa və Yaponiyadakı çoxsaylı dövlət və şəxsi kolleksiyalarda saxlanılır.