CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda körpələrin ana südü ilə qidalanma faizi açıqlandı

Ana südü ilə bağlı çoxlu aforizmilərimiz olsa da, Azərbaycanda da analar süni uşaq qidası ilə uşaqlarını bəsləməyə meyillidirlər
Sputnik

BAKI, 5 iyun — Sputnik. Azərbaycanda uşaqlar arasında ana südü ilə qidalanma 50 faiz civarındadır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev söyləyib.

O, bildirib ki, Bakıda körpələr arasında ana südü ilə qidalanma 48, rayonlarda isə 52 faiz təşkil edir. N. Quliyev bildirib ki, analar əksər hallarda süni qida qatışıqlarına meyil edirlər: "Çox təəssüf ki, bu dünyada baş verən xoşagəlməz tendensiyadır. Ana südü ilə bağlı çoxlu aforizmilərimiz olsa da, Azərbaycanda da analar süni uşaq qidası ilə uşaqlarını bəsləməyə meyillidirlər. Qeyd edim ki, canlılar arasında dünyaya gətirdiyi balasını ana südündən məhrum edən tək canlı insandır".

Nəsib Quliyev bildirib ki, xəstəxanalarda yenidoğulan uşaqlara süni uşaq qidalarının verilməsi yolverilməzdir:

"Uşaq doğulan ilk saatdan döşə qoyulmalıdır. Hamiləlik müddətində bətndə döl böyüyürsə, süq vəziləri də 9 ay ərzində hazırlıq mərhələləri keçir. Hamiləliyin sonunda dördüncü laktasiya dövrünə gəlib çatır. Ona görə də südüm yoxdu demək doğru deyil. Təbiətin elə qanunları var ki, onu heç kim pozmalı deyil. Pozanda təbiət qisas alır. Doğulandan 30-40 dəqiqə sonra dünyaya gələn uşaq yemək istəyir. Uşaqlarda qidalanma instinki o qədər qüvvətli olur ki, uşaqlar qidalanmanı hər bir valideyndən, həkimdən, professordan da yaxşı bilirlər. Ona görə də, uşaq vaxtında döşə qoyulanda süd lazım olan miqdarda ifraz olur, uşağın tələbatını ödəyir".

N. Quliyev deyir ki, yeni doğulmuş uşağa ana südü ilə yanaşı digər süni qidaların verilməsi fikri də səhvdir:

"İlk 6 ay ərzində uşağın ana südündən başqa heç bir nə mayeyə, nədəki yeməyə ehtiyacı yoxdur. Ana südünün tərkibində bütün inqridiyentlər var. Ona görə də bu dövr ərzində gərək uşağa ana südündən başqa heç bir əlavə qida verilməsin. N. Quliyev həmçinin qeyd edib ki, süni qida ilə qidalanan uşaqlarda xəstələnmə və ölüm hallarına ana südü ilə qidalanan uşaqlara nisbətən 4 dəfə daha çox rast gəlinir.

Baş pediatr bildirib ki, hazırda ölkəmizdə ana südü ilə qidalandırma əmsalının yüksəlməsi istiqamətində maarifləndirmə işləri davam etdirilir.