SƏHİYYƏ

Baş infeksionist COVID-19-a yoluxmanın əsas səbəbini açıqladı

Onun sözlərinə görə, havanın temperaturunun 25 dərəcədən yüksək olması belə virusun yayılmasının qarşısını almır.
Sputnik

BAKI, 4 iyun — Sputnik. "COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qurumun instaqram səhifəsində canlı yayımdakı çıxışında bildirib. Onun sözlərinə görə, havanın temperaturunun 25 dərəcədən yüksək olması belə virusun yayılmasının qarşısını almır. O bildirib ki, infeksiyanın yayılmasının əsas səbəblərdən biri insanların yaxın təmasda olmasıdır.

"Fəslin koronavirusa təsiri varmı, bunu hələ bilmirik. Zamanla bu suala da aydınlıq gətiriləcək", - deyə T. Eyvazov bildirib.

Baş infeksionist qeyd edib ki, qapalı məkanlarda, havalandırma olmayan yerlərdə bir nəfərin xəstə olması daha çox insanın virusa yoluxmasına səbəb olur. O bildirib ki, qış aylarında insanlar daha çox qapalı yerlərdə olduqları üçün yoluxmalar çox olur: "Yay aylarında isə havalandırma olduğu üçün yoluxanların sayı da az olur".

T.Eyvazov onu da qeyd edib ki, kollektiv immunlaşma mütləqdir. Bəzi insanlarda əks göstərişlər olduğu üçün vaksinasiya oluna bilmirlər. Kollektiv immunlaşma ilə bu cür vaksinasiya oluna bilməyən insanları da qorumuş olarıq".