QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda yenidənqurma işlərinə yenidənsökmə ilə start verilib

Uzunluğu 44,5 km olmaqla 4 hərəkət zolağından ibarət yol salınır. Yaşayış binası tikilir. İki muzey inşa olunur... Bir sözlə erməni vandallığı nəticəsində xarabalığa, ruhlar şəhərinə çevrilən bu məkanda yeni, müasir şəhər salınır.
Sputnik

BAKI, 4 iyun — Sputnik. Yolumuz Qarabağadır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ilə tanış olmağa. Bələdçimiz də var. Yol yoldaşımız Ağdam rayon sakini Zülfü Qasımovla elə Ağdamın girişindən başlayan yenidənqurma işlərinə nəzər yetiririk.

Yol mədəniyyətdir, mədəniyyət yoldan başlayır, deyib aqillərimiz... Bəli artıq Bərdə-Ağdam avtomobil yolunun tikinti işlərinin sürətlə davam etdirilməsi buranın cənnət məkana çevriləcəyinə bizi bir daha əmin edir. Yeni təməli qoyulan avtomobil yolu ilə yaxından tanış olmaq üçün işğaldan azad edilən torpağa yol alırıq. Otuz ilə yaxın düşmən tapdağı altında qalan ərazilər hazırda minalardan təmizlənir.

Təmizlənmiş ərazilərdə yeni yol salınır. Yolun başlanğıcı Bərdə şəhərindən götürülür. Avtomobil yolunun 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək. Yol 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Ağdam rayon sakini Zülfü Qasımov deyir ki, Ağdam işğal olunmamışdan öncə bu yol onun daim hərəkət etdiyi yol olub:

“Ağdamın 5 giriş yolu var idi, amma ən magistral yolu Yevlax, Bərdə, Ağdam yolu idi. Ağdam işğaldan azad olunandan sonra mən bura ilk dəfə gələndə bu yolu tanıya bildmədim. Belə gözəl yoldan geriyə sadəcə ensiz bir cığır qalmışdı, ermənilər bu yolu tamamilə dağıtmışdılar. Ancaq may ayının 28-də cənab Prezident İlham Əliyev Ətyeməzli kəndinin girişində Uzundərə adlanan yerdə yeni yolun təməlini qoydu və yeni layihəyə əsasən çəkilən bu yol əvvəlkindən də gözəl olacaq. Hazırdada işlər sürətlə davam edir demək olarki yolun əsası tamamlanmaq üzrədir və inanırıq ki, bu yolun inşası tezliklə başa çatacaq”.

Ağdamda yenidənqurma işlərinə yenidənsökmə ilə start verilib

Ağdamda olarkən Prezident İlham Əliyev tərəfindən təməli qoyulan ilk yaşayış binasının ərazisində də olduq. Ağıllı şəhər konsepsiyası ilə inşa olunacaq bu binanın layihələndirilməsi ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri tərəfindən həyata keçirilir. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Bundan əlavə, Ağdam şəhərində ümumilikdə 1750 fərdi yaşayış evi və 23 min mənzil inşa olunacaq.

Yeni tikilən binanın yaxınlığında isə 3,8 hektarlıq ərazidə Ağdam mərkəzi parkı salınacaq. Dövlət başçısının göstərişinə əsasən park ərazisində işğal dövründə dağıdılmış Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının qəhramanı Fərhadın heykəli də yenidən bərpa olunacaq. Yol yoldaşımız Zülfü Qasımov deyir ki, park və binanı bir birindən ayıran küçə Ağdam şəhərinin Süleyman Sani Axundov küçəsidir:

“Əvvəllər bu küçənin hər iki tərəfi fərdi yaşayış evlərindən ibarət idi. Amma yeni plana görə, artıq burada hündürmərtəbəli binalar və mərkəzi park salınacaq. Ermənilər Ağdamı işğal edəndən sonra hər yeri dağıdıb talan ediblər, əvvəlki Ağdamdan geriyə heç nə qalmayıb, xarabalığa dönüb. Amma yeni plana əsasən Ağdam şəhəri əvvəlkindən də gözəl olacaq. Cənab prezident Ağdama səfəri zamanı dedi ki, Ağdam əvəzsiz şəhər olacaq və bütün dünya Ağdam şəhərinə qibtə edəcək”.

18 hektar ərazidə yerləşəcək Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməli qoyulan yerdə də olduq. Ölkə başçısı burada olarkən bildirib ki, muzeydə 44 günlük müharibənin hər bir günü əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir. Həmçinin yaxınlıqda Zəfər arenası inşa olunacaq. Çörək muzeyi də bu ərazidə yerləşir, o da bərpa ediləcək.

Ağdamda yenidənqurma işlərinə yenidənsökmə ilə start verilib

Ağdam şəhərində yerləşən 1 saylı məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. 1883-cü ildə əsası qoyulan məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılıb. Təhsil ocağı vaxtilə ikimərtəbəli binadan ibarət olub və burada 500 nəfərə yaxın şagird təhsil alıb. İndi bu məktəbin yerində daha müasir təhsil ocağı inşa olunur. Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan yeni təhsil ocağı üç mərtəbədən ibarət olacaq və 960 şagirdin təhsil almasına imkan verəcək.

Müsahibimiz Zülfü Qasımov deyir ki, o, 1965-ci ildə Ağdam şəhər 1 nömrəli məktəbi qızıl medalla bitirib və həmin ildə də Azərbaycan Politexnik İnstitutuna qəbul olunub. “Bu gün Ağdamda həmin məktəbin təməlinin qoyulması çox böyük hadisədir. Tək məktəbin adı 1 nömrəli deyildi, o, bütün göstəriciləridə 1 nömrəli idi və rayonda ən qabaqcıl, ən çox şagird və ən böyük müəllim kollektivi olan məktəb elə 1 nömrəli məktəb idi. Bizim direktorumuz o vaxtı Süleyman Zeynalov idi, sonra Pedaqoji Universitetin rektoru təyin olundu. Ümumiyyətlə, çox böyük yüksək səviyyəli müəllim kollektivi var idi. Ağdam şəhərindən ali məktəblərə qəbul olanların ən çoxu 1 nömrəli məktəbin məzunları idi.

Bir faktı deyim, mən 1965-ci ildə məktəbi qurtaranda 4 11-ci sinif var idi. Hər sinifdə də 32 şagird. Ümumilikdə 1965-ci ildə bu məktəbin 128 nəfər məzunu olub. May ayının 28-də cənab prezident Ağdamda olarkən 1 nömrəli məktəbin yeni binasının təməlini qoydu. Bu yeni məktəb binası əvvəlki məktəbdən də gözəl olacaq və yenə də respublika ərazisində yüksək nəticələr göstərən məktəb olacaq”.