BAKI, 3 iyun — Sputnik. Rusiyada KİV-xarici agentlərə qarşı heç bir ayrı-seçkilik yoxdur, müvafiq qanun isə ABŞ-ın Rusiya mediası ilə əlaqəli hərəkətlərinə cavab kimi qəbul edilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mariya Zaxarova cümə axşamı günü sözügedən dövlət qurumu ilə RİA Novosti-nin birgə təşkil etdikləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2021 çərçivəsində jurnalistlərlə görüşündə bildirib.
Müzakirələrdə Xarici Jurnalistlər Assosiasiyasının prezidenti Əl-Seyid Möhd Abdi, avropalı diplomatlar, "Meduza" (Rusiyada xarici agentlik kimi tanınıq - red.), "The Bell", "Exo Moskvı" və digər KİV-lərin nümayəndələri iştirak ediblər.
KİV-xarici agentliklərin əməkdaşlarına məhdudiyyətlər yoxdur
"Bu qanun ona görə qəbul olunub ki, qərbli tərəfdaşlar Rusiya üçün başqa çıxış yolu qoymayıblar", – deyə Zaxarova vurğulayıb. Onun sözlərinə görə, hətta qanuna ümumi nəzər salmaq belə, onun xarici analoqlarından daha liberal olduğunu görməyə imkan verir.
Zaxarova xarici KİV-lərdə çalışan jurnalistlərin Rusiyada digər nəşrlərin nümayəndələri ilə eyni hüquqlara malik olduqlarını və onların fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatların doğru olmadığını da diqqətə çatdırıb.
"Bu məlumatları inkar etmək üçün əlimizdən gələni edəcəyik, çünki ölkədəki xarici KİV-lərin digər mətbuat oqranlarının malik olduqları hüquqlara sahib olmaması barədə deyilənlər dezinformasiyadan başqa bir şey deyil", – deyə Zaxarova bildirib.
Qanun "gözə göz, dişə diş" prinsipi ilə hazırlanmayıb
XİN rəsmisinin sözlərinə görə, Rusiyada KİV-xarici agentlər haqqında qanun "gözə göz, dişə diş" prinsipi ilə deyil, Rusiya KİV-lərinin maraqlarını xarici hakimiyyətlərin aqressiv hərəkətlərindən qorumaq üçün qabaqlayıcı tədbir kimi hazırlanıb.
Zaxarova tədbirdə iştirak edənlərin diqqətinə onu da çatdırıb ki, BBC-nin əməkdaşları "rus dilini yaxşı bilməmələri"ni əsas gətirərək foruma qatılmaqdan imtina ediblər.
"Ancaq sonra deməsinlər ki, biz kimisə bu tədbirə buraxmamışıq", – deyə o vurğulayıb.
Moskvada Tereza Ribeyranı gözləyirlər
XİN-in səlahiyyətli nümayəndəsi həmçinin məlumat verib ki, Moskvada ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Tereza Ribeyranın gəlişini gözləyirlər.
"KİV-xarici agentlər haqqında qanun cavab tədbiri sayılır və biz bu məsələni avropalı məmurlarla müzakirə etmək istəyirik. Pandemiya ilə bağlı məhdudiyyətlərin olduğunu başa düşürük, ancaq bu mövzunu istənilən formatda müzakirə etməyə hazırıq", – deyə o qeyd edib.
Diplomat, həmçinin xatırladıb ki, son bir neçə ildə Rusiya XİN Avropa İttifaqı Daimi Nümayəndəliyinə ən az iki nota göndərərək İttifaq ərazisində xarici ölkələrin, xüsusən də Rusiya jurnalistlərinin akkreditasiyasının necə həyata keçirildiyi barədə məlumat istəyib.
"Müntəzəm şəkildə Rusiya jurnalistlərinin ölkəyə buraxılmaması və ya akkreditasiya edilməməsi ilə bağlı problemlərlə qarşılaşırıq", – deyə Zaxarova qeyd edib. Bununla belə, indiyə kimi Aİ Daimi Nümayəndəliyindən bu barədə cavab alınmayıb.
"Kütləvi İnformasiya Vasitələri haqqında" qanun
RF "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna görə, xarici agent funksiyasını yerinə yetirən xarici kütləvi informasiya vasitələrinin materialları Rusiya ərazisində müvafiq etiketlə yayımlanmalıdır. Bu maddənin məqsədi sözügedən KİV-lər tərəfindən yayılan materialların digər dövlətlərin maraqlarına xidmət etdiyini rusiyalı oxucuların diqqətinə çatdırmaqdır.
"RT America" – Amerikada xarici agentlərin siyahısındadır - ABŞ Ədliyyə Nazirliyi, 1938-ci il tarixli qanuna əsaslanaraq 2017-ci ildə sözügedən televiziya kanalını bu siyahıya əlavə edib. Halbuki Böyük Britaniyanın BBC, Çinin CCTV, Fransanın "France 24" telekanalı, Almaniyanın "Deutsche Welle" radiosu bu adla qeydiyyata alınmayıb. Daha sonra RT-nin ABŞ Konqresindəki akkreditasiyası ləğv olunub. Sputnik-USA-in tərəfdaş şirkətləri də xarici agentlər siyahısına daxil edilib.
Rusiya Ədliyyə Nazirliyi ABŞ-ın hərəkətlərinə cavab olaraq 2017-ci ildə Azadlıq radiosunun bir sıra layihələrini xarici media agentlərinin reyestrinə daxil edib. Bunlar ABŞ Konqresi tərəfindən maliyyələşdirilən "Radio Free Europe"/"Radio Liberty" media şirkətinin bir hissəsidir.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2021
İyunun 2-si, çərşənbə günü Sankt-Peterburqda XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İyunun 2-dən 6-na kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.
Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək.
Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir.
Eləcə də oxuyun:
ABŞ vizaları, diplomatlar, Meduza-nın axırı nə olacaq – Mariya Zaxarova ilə geniş müsahibə
Mariya Zaxarova azərbaycanlı tarixçiyə təşəkkür etdi