BAKI, 3 iyun — Sputnik. Tehranın Neft Emalı Zavodundakı (NEZ) yanğın nəzarət altına alınıb və bir-iki saat ərzində tamamilə söndürüləcək. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, jurnalistlərə xəbəri NEZ-in rəsmi nümayəndəsi Şəkər Həfayi verib.
“Çənlərdən birində baş vermiş yanğın nəzarət altına alınıb. Bir-iki saat ərzində yanğın tamamilə söndürüləcək", – deyə qeyd edib.
Həfayi əlavə edib ki, NEZ-in digər obyektləri yanğından zərər görməyib.
Qeyd edək ki, çərşənbə günü axşam saatlarında Tehran NEZ-də genişmiqyaslı yanğın başlayıb. Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.
Bir qədər bundan əvvəl Həfayi bəyan etmişdi ki, yanğından yalnız 20 min barel həcmindəki bir çən zərər görüb.
Tehrandakı Neft Emalı Zavodundan baş vermiş yanğında 11 nəfər xəsarət alıb. Bu barədə ISNA agentliyi Tehran Fövqəladə Hallar Xidmətinin rəhbəri Peyman Saberiana istinadla məlumat yayıb. "İndiyə kimi 11 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib, qalanlarına da tibbi yardım göstərilib", - deyə o bildirib.
Xatırladaq ki, Tehran NEZ İranın ən böyük neft emalı zavodlarndan biridir. Bu ölkədə emal olunan neftin 15% -i həmin zavodun payına düşür. Zavod benzin, dizel yanacağı, mazut və digər neft məhsulları istehsal edir. NEZ Tehran əyalətinin cənub hissəsində yerləşir.