PAYTAXT XƏBƏRLƏRİ

Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb.
Sputnik

BAKI, 3 iyun — Sputnik. Bakıda şirniyyatın içərisindən metal parçasının çıxdığı iddia olunur. Bu barədə şikayət Azad İstehlakçılar Birliyindən (AİB) daxil olub.

Birlikdən bildirilib ki, hadisə ilə bağlı Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Belə ki, şikayətçi 6 yaşlı nəvəsinin yediyi "pryanik"in içərisindən qaykanın çıxdığını bildirib. AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub. Vətəndaş qeyd edib ki, müəssisədə sanitar-gigiyeniya qaydalarına əməl olunmur.

Sputnik Azərbaycan-ın "Report"-a istinadən xəbərinə görə, Bəşir Bünyatov küçəsində fəaliyyət göstərən, N.Süleymanova məxsus şirniyyat sexinin sahibkarı səhlənkarlıq ola biləcəyini istisna etməyib:

"Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".