Məscidlərə yalnız COVID-19 pasportu olanlar buraxılacaq

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.
Sputnik

BAKI, 2 iyun — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır. İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il 151 nömrəli Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarına əsasən 2021-ci il 10 iyun saat 00:00-dan dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilir.

Xatırladaq ki, 2020-ci ilin mart ayının 17-dən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə qəbul edilən qərara əsasən koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.