İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə azalıb

2020-ci ilin 4 ayı ilə müqayisədə MDB ölkələrindən Azərbaycana gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.
Sputnik

BAKI, 29 may — Sputnik. Bu ilin 4 ayında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkəmizə gələnlərin 32,7 faizi Rusiya Federasiyası, 27,6 faizi Türkiyə, 16,7 faizi İran, 10,8 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6 faiz olmaqla Türkmənistan və Almaniya, 0,5 faizi İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 92,6 faizini kişilər, 7,4 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan - 6,9 dəfə, Qazaxıstandan - 5,7 dəfə, Özbəkistandan - 3,8 dəfə, Rusiya Federasiyasından - 3,1 dəfə, Ukraynadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İrandan - 1,2 dəfə azalıb.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub. Ölkə vətəndaşlarının 42,4 faizi Türkiyəyə, 22,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 75,4 faizini kişilər, 24,6 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb.

2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 6,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.