İQTİSADİYYAT

Aİ-dən Azərbaycan istiqamətində yeni qaz xətti: Bakı “Qazprom”a rəqib olur?

Ekspertlər əmindirlər ki, Serbiya hökuməti Azərbaycan qazının tədarükü barədə danışarkən özünə sərf edəcək qaz qiymətləri barədə “Qazprom”la razılığa gəlmək üçün siyasi oyun aparır.
Sputnik

BAKI, 29 may – Sputnik, Vadim Pavlov. Avropa İnvestisiya Bankı Bolqarıstanın qazpaylayıcı sisteminə qoşulacaq yeni qaz kəmərinin tikintisi üçün Serbiyaya  25 milyon avro məbləğində ssuda ayırıb. Yeni qaz kəməri ilə Serbiyanın Azərbaycandan qaz alaraq Rusiyadan mavi yanacağın tədarükünü diversifikasiya etməsi planlaşdırılır.

Azərbaycanın Rusiyanın “Qazprom” şirkətinə ciddi rəqib ola bilməsi, Gürcüstanın isə tranzitdə qazanması ehtimalları Sputnik-in araşdırmasında.

Serbiya Rusiyaya alternativ axtarır?

Ötən həftənin sonunda Avropa İnvestisiya Bankı (AİB) ilə Serbiya hökuməti ölkə ərazisində qaz kəmərinin tikintisinin maliyyələşdirilməsi barədə razılaşma imzaladılar. Yeni qaz kəməri Niş (Serbiyanın cənub-şərqində) şəhərindən Dimitrovqrada (Serbiya-Bolqarıstan sərhədində yaşayış məntəqəsi) qədər uzanacaq. Orada kəmər Bolqarıstanın qazpaylayıcı sisteminə birləşdiriləcək.

Qaz kəmərinin uzunluğu 109 km, gücü isə plana əsasən, ildə 1.8 milyard kubmetrdən çox olacaq. Layihənin ümumi dəyəri 89 milyon avrodur, bunun 25 milyonunu AİB ayıracaq. Ümumilikdə isə Avropa İttifaqı bu layihəyə 49.5 milyon həcmində zəmanət verib.

Bolqarıstandan Serbiyaya birləşdirici qaz kəməri (interkonnektor) artıq mövcud “Balkan axını” (“Türk axını”nın bir qolu) ilə yanaşı, qaz təminatı mənbələrinin diversifikasiyasına təkan verəcək. Bu barədə Bolqarıstan Prezidenti Rumen Radevlə görüşündə Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç bildirib.

Arktikadakı qaz ehtiyatları: Rusiya ABŞ-ı Avropadan vurub çıxarmağa hazırlaşır

Qeyd edək ki, bu gün faktiki olaraq Serbiyaya yeganə qaz tədarük edən ölkə Rusiyadır. Belqrad Rusiya qazını iki marşrutla əldə edir – Ukrayna və Macarıstan ərazisindən keçən kəmərlə, eləcə də bu ilin əvvəlində “Türk axını” və sonra tranzitlə Türkiyə və Bolqarıstan ərazisindən.

Rusiya ilə Serbiya arasında 2012-2021-ci illər (daxil olmaqla) müddətində təbii qazın tədarükü barədə hökumətlərarası razılaşma qüvvədədir. 2017-ci ilə qədər Belqrad hər il 1.5 milyard kubmetr qaz alırdı, 2017-ci ildən etibarən isə tədarük həcmi 2 milyard kubmetrədək arıtırıldı. 2019-cu ildə “Qazprom eksport”un məlumatına görə, Serbiyaya 2.13 milyard kubmetr Rusiya qazı göndərilib.

“Tikintisi bu il, istismarı 2023-cü ildə başlanacaq Niş-Dimitrovqrad-Bolqarıstan qaz kəməri Serbiyaya digər tədarükçülərdən – Yunanıstandan maye təbii qaz terminallarından, TANAP (bu xətt Azərbaycandan Gürcüstana, Türkiyəyə, oradan da Yunanıstana gedir) və TAP (TANAP-ın davamı – Yunanıstandan Albaniyaya, sonra Adriatik dənizin dibi ilə İtaliyaya gedir) kəmərlərindən, hətta mümkündür ki, Şərqi Aralıq dənizindən, o cümlədən Leviafandan (İsrail) qaz almağa imkan verəcək”, - Serbiyanın infrastruktur naziri Zorana Mixayloviç bildirib.

Azərbaycanın şansı nə qədərdir?

Ancaq Sputnik-in rəyini soruşduğu ekspertlər bu qənaətdədirlər ki, Serbiya hökumətinin bu cür bəyanatları “Qazprom”la yeni müqavilədə (cari razılaşmanın vaxtı bu ilin sonunadəkdir – red.) özü üçün münasib olan qaz qiymətində razılığa gəlmək üçün siyasi oyundan başqa bir şey deyil.

"Qazprom”la rəqabətdə qazanmaq üçün bircə şey lazımdır – qazı daha sərfəli şərtlərlə təklif etmək. Əgər əvvəllər qaz bazarı az sayda tədarükçünün öz şərtlərini diktə etdiyi satıcı bazarı idisə, indi o, alıcı bazarına çevrilib", - Texnologiyaların İnkişafı İnstitutunun eksperti Dmitri Koptev bildirir.

Ekspert bu məsələnin növbəti dövr üçün qiymətlərin formalaşdırılmasında “Qazprom”u daha yumşaq olmağa məcbur etmək üçün qaldırıldığını istisna etmir.

“Müqavilə bitirsə, tərəflər üçün bu hər zaman sövdələşmək üçün bir bəhanədir, üçüncü tərəf üçünsə ziddiyyətlərdən qazanmaq imkanıdır, - Qaz layihələri üzrə milli enerji təhlükəsizliyi Fondunun baş direktorunun müavini Aleksey Qrivaç razılaşır. – Ancaq hazırda Serbiyada ölkənin Avropaya inteqrasiyası və qaz sahəsinin Avropa modeli üzrə yenidən təşkil olunması ətrafında böyük siyasi oyun gedir”.

"Qazprom" Ermənistana qazı Azərbaycan ərazisindən ötürəcək

Ekspertin sözlərinə görə, problem ondadır ki, yeni müqavilə olmasa, Serbiya öz istehlakçılarını yeni mövsümdə qazsız qoya bilər.

“Belə olacağını hesab etmirəm. Şərait süni olaraq gərginləşdirilir, baxmayaraq ki, Rusiya ilə Serbiya arasında sıx əlaqələr var, qaz sahəsində “Balkan axını”nın serb hissəsi tikilib və Rusiya qazı həmin kəmərlə ölkəyə daxil olaraq paylanılır, tezliklə isə Macarıstana, sonra isə Avstriyaya tranzitin başlanması planlaşdırılır. Tədarük etibarlıdır və qiyməti də cəlbedicidir”, - Aleksey Qrivaç qeyd edir.

Hətta AİB-in maliyyə vəsaiti ayırmağa razı olmağı da qaz kəmərinin tikiləcəyi anlamına gəlmir – 2018-ci ildə elə həmin bank layihənin maliyyələşdirilməsini öz boynuna götürmüşdü, amma heç bir iş görülmədi”, - Dmitri Koptev xatırladır.

“”Qazprom”dan uzunmüddətli müqavilə üçün istədiyi qiyməti alandan sonra Belqrad yenə bu layihənin icrasını saxlayacaq. Rusiya qazının tədarükü üzrə müqavilənin bitməsi, məncə, Azərbaycanın serb bazarında perspektivlərinə təsir edə bilməz – interkonnektorun hazır olacağı vaxta qədər artıq yeni müqavilə imzalanacaq”, - mütəxəssis bildirir.

Qaz kəməri tikilsə, Azərbaycanın qazı bəs edəcəkmi?

Sputnik-in rəyini soruşduqları mütəxəssislər bu fikirdədirlər ki, əgər qaz kəməri tikilsə belə, Azərbaycan yenə də serb bazarının böyük hissəsini öz üzərinə götürə bilməyəcək.

“Bu layihənin əsas problemi ondadır ki, Azərbaycanın resurs bazası kifayət etməyəcək, - RF hökuməti yanında Maliyyə Universitetinin eksperti, Qaz layihələri üzrə milli enerji təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyir. – Hazırda respublikanın qaz istehsalı ilə bağlı böyük problemləri var. Bir neçə il əvvəl Azərbaycan özü “Qazprom”dan qaz alırdı, çünki defisiti vardı, o isə həm daxili bazarı, həm də ixrac müqavilələrini təmin etməlidir”.

Buna görə də ekspert deyir ki, burada məsələ Avropanın Azərbaycan qazını almaq istəməsində deyil.

“Əgər Azərbaycan tədarük edə bilsəydi, o zaman onlar Bakıdan daha çox qaz ala bilərdilər. Ancaq o, sadəcə bu qədər istehsal edə bilməz. Ona görə də Azərbaycanın Serbiya üçün qazı yoxdur. Məsələ bundadır ki, ölkə artıq satışlarını gerçəkləşdirdiyi ölkələr – Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya - üzrə müqavilələri icra edə biləcək, ya yox. Ona görə hesab edirəm  ki, Rusiyanın Serbiyaya tədarükə görə narahatlığına lüzum yoxdur. Serbiya Rusiya qazının alıcısı idi və yəqin ki, elə də qalacaq. Yəni sadəcə olaraq burada başqa tədarükçü, özü də münasib qiymətə yoxdur”, - İqor Yuşkov deyir.

Avropalıların canı Azərbaycan qazı ilə qızınacaq - birbaşa nəql başlandı

“Qazprom” Serbiyaya təxminən ildə 2 mlrd kub m qaz tədarük edir. “Cənub qaz dəhlizi”nin Bolqarıstana ötürülməsi sonuncuya 1 mlrd kub m qaz almağa imkan verəcək. Serbiyanın Azərbaycanla birbaşa müqaviləsi yoxdur, müvafiq olaraq onlar mavi yanacağı yalnız bolqar vasitəçilərdən alacaqlar. Yuxarıda sadalanan amilləri və Rusiyanın neft və qazının Serbiya energetikasına dərin inteqrasiyasını nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan bu bazarda “Qazprom”a rəqib deyil”, - Milli Energetika İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov bildirir.

Bakının qaz məsələsində rəsmi mövqeyi: qaz tədarük olunub

TAP – hər il Avropa bazarlarına 10 milyard kubmetr qazın nəql  ediləcəyi “Cənub qaz dəhlizi”nin Avropa qolu, birləşdirici layihədir.

Boru xəttinin potensialı onun buraxılış qabiliyyətini iki dəfə - ildə 20 milyard kubmetrədək artırmağa imkan verir.

Məlumdur ki, Cənubi Avropa ölkələri təbii qaz mənbələrinin diversifikasiyası üsullarını arayarkən Xəzər regionundan mavi yanacağın idxalını artırmaq niyyətinə düşüblər. Bununla bağlı Transadriatik qaz xətti layihəsinin bir neçə inkişaf variantı nəzərdən keçirilir. Məhdud genişlənmə ildə 14.4, qismən genişlənmə - ildə 17.1, tam genişlənmə isə qeyd olunan ildə 20 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur.

Azərbaycan qərb istiqamətində qaz tədarükündə öz rolunu gücləndirməsini və bu minvalla Avropanın enerji təhlükəsizliyini ciddi olaraq hədəfləyib. Cənub qaz dəhlizi ilə Xəzər regionundan gələcək tranzit tədarükdən savayı, respublikanın kifayət qədər qaz ehtiyatı var. Məsələn, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) yeni qaz-kondensat yataqlarının işlənməsini planlaşdırır. “Ümid” və “Abşeron” yataqlarından sonra növbədə “Babək” və Abşeron yarımadasının şelf akvatoriyasının işlənməsidir. 

Gürcü nazir Azərbaycan qazı barədə: "Bizim aydın zəmanətimiz var"

Bundan savayı, 2021-ci ilin martında SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” yatağında aparılmış geoloji kəşfiyyat işlərinin nəticəsində orada qaz-kondensat ehtiyatlarının aşkarlandığı barədə məlumat yayıb. Mütəxəssislər yatağın ehtiyatlarını 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat həcmində qiymətləndirirlər. Eləcə də Xəzər akvatoriyasındakı Azərbaycan-Türkmənistan müştərək “Dostluq” yatağını da unutmaq olmaz. Azərbaycanla Türkmənistanın qaz hasilatında əməkdaşlığı TAP qaz kəmərini 20 milyard kubmetrədək genişləndirməyə imkan verəcək.Yeni yataqların işlənməsi Azərbaycana Avropaya tədarükü artırmağa imkan verəcək, ola bilsin ki, Bakının Avropa bazarlarına qaz ixracını artırmaq planından hali olan TAP konsorsiumu qaz kəmərinin genişləndirilməsi variantlarını nəzərdən keçirəcək.

Qaz olsa, Gürcüstan da qazanırmı?

“Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz qaz xəttinin buraxılış qabiliyyəti ildə 20 milyard kubmetrdir. Son hesabata görə, 2021-ci ilin birinci rübündə qaz kəmərinin yüklənməsi illik həcmə az qala bərabər – 18.5 milyard kubmetr idi. Beləliklə, əgər bu sərbəst gücə ehtiyac yaranarsa, tranzitin artırılma faizi cəmi 8%-dir”, - Dmitri Koptev deyir.

“Bu cür genişlənmə qaz tranzitindən Gürcüstanın gəlirlərinin kifayət qədər artmasına imkan verməyəcək. Bu ölkə ərazisindən tranzit qaz xəttinin hansısa genişlənməsi gözlənmədiyindən Serbiyada yeni qaz xəttinin tikilməsinin Gürcüstana təsiri olmayacaq”, - Aleksey Qrivaç qeyd edir.

“Avropa İttifaqının karbohidratsız enerjiyə inteqrasiyası zamanı keçid dövründə qaza tələbat saxlanacaq, müvafiq olaraq hər bir ölkə, ən azı, qısa müddətlik də olsa, tranzit ölkə kimi üstünlük əldə etmək üçün fəaliyyətini aktivləşdirəcək. Ancaq dünya bazarında qaz profisiti şəraitində izafi boru xətlərinin gücü tam istifadə olunmaya da bilər”, - “Neft-qaz sektoru üzrə müstəqil analitik agentliyin” icraçı direktoru Tamara Safonova deyir.