Şəhərlərarası və rayonlararası avtobuslar şənbə və bazar günləri də işləyəcək

"Sərnişinlər halsızlıq, temperatur, boğaz ağrısı hiss edirsə, bilet almasınlar. Çünki avtobusa minməzdən əvvəl onların temperaturu yoxlanılacaq, qızdırması olanların biletləri geri qaytarılacaq", - N.Allahyarova.
Sputnik

BAKI, 27 may — Sputnik. "Şəhərlərarası və rayonlararası sərnişindaşıma şənbə və bazar günü də həyata keçiriləcək. Biletlərin qiymətləri isə artmayacaq, pandemiyadan əvvəlki qiymətlər olduğu kimi qalacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bu gün jurnalistlərə açıqlamasında deyib.

O, avtobusa minməzdən əvvəl sərnişinlərin temperaturunun yoxlanılacağını, səhhətində problem olan sərnişinin səyahətinə icazə verilməyəcəyini deyib:

"Sərnişinlər halsızlıq, temperatur, boğaz ağrısı hiss edirsə, bilet almasınlar. Çünki avtobusa minməzdən əvvəl onların temperaturu yoxlanılacaq, qızdırması olanların biletləri geri qaytarılacaq".

N.Allahyarova bildirib ki, sərnişinlərdən COVID-19 və immunitet sertifikatları tələb olunmayacaq.

Mətbuat katibi əlavə edib ki, şəhərlərarası sərnişin daşıyan sürücülərin 70 faizi artıq vaksinasiyadan keçirilib. Ölkə üzrə 56 avtovağzaldan sərnişin daşınacaq, hər bir avtobus sərnişin daşınmadan öncə dezinfeksiya olunacaq.