RUSİYA

Rusiyanın Əmək Nazirliyi dörd günlük iş həftəsi məsələsini müzakirə etməyə hazırdır

Gələcəkdə dörd günlük iş həftəsinə keçid məsələsini Medvedev ilk dəfə 2019-cu ilin yayında, hələ Rusiyanın baş naziri olarkən, Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransında çıxışında dilə gətirib
Sputnik

BAKI, 27 may — Sputnik. Rusiyanın Əmək Nazirliyi quruma daxil olan bütün təşəbbüsləri nəzərdən keçirir və bu, dörd günlük iş həftəsi ideyasına da aiddir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu nazirliyin rəhbəri Anton Kotyakov deyib.

"Sosial tərəfdaşlardan daxil olan istənilən təklif hər zaman (nazirlikdə - red.qeydi) müzakirə olunur. Əgər belə bir təklif səsləndirilərsə, biz onu müzakirə edəcəyik. Əgər sosial tərəfdaş hansısa təşəbbüslə çıxış edirsə, biz ona laqeyd qala bilmərik", - deyə nazir bildirib.

Təklifin özünü şərh etmək istəməyən nazir bildirib ki, ideyanı nəzərdən keçirməyə hazırlıq barədə sözləri potensial razılıq kimi qiymətləndirmək lazım deyil.

Xatırladaq ki, "Yedinaya Rossiya"nın sədri Dmitri Medvedev aprel ayında dörd günlük iş həftəsinə keçidin perspektivli ideya olduğunu deyib. O bildirib ki, iş vaxtının tədricən qısaldılması istiqamətində addımlar düşünülmüş addım olardı.

Bundan bir müddət əvvəl isə Medvedev pandemiyanın bu ideyanı "diriltdiyini", lakin onu iqtisadiyyata zərər vurmadan həyata keçirməyin zəruri olduğunu dilə gətirib.

Qeyd edək ki, gələcəkdə dörd günlük iş həftəsinə keçid məsələsini Medvedev ilk dəfə 2019-cu ilin yayında, hələ Rusiyanın baş naziri olarkən, Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransında çıxışında dilə gətirib. Bu mövzu ictimaiyyətdə geniş əks-səda doğurub.