Maliyyə naziri: "Ölkə iqtisadiyyatı iki böyük şokla qarşılaşıb"

"Ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında kompleks sosial tədbirlər proqramı hazırlanıb. Yaranmış vəziyyətə uyğun yeni xərclər maliyyələşdirilib".
Sputnik

BAKI, 27 may — Sputnik. "Ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb. Birincisi, pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib:

"Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.

O bildirib ki, ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında kompleks sosial tədbirlər proqramı hazırlanıb:

"Yaranmış vəziyyətə uyğun yeni xərclər maliyyələşdirilib. Gəlirlərin azalması Dövlət Neft Fondundan transfertin məbləğinin artırılması ilə tənzimlənib. Hesabat ilində götürülmüş bütün sosial öhdəliklər tam yerinə yetirilib. Eyni zamanda, pandemiyadan zərərçəkən sahələrin dəstəklənməsi nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Pandemiyaya baxmayaraq, ordu quruculuğu, təhlükəsizlik xərcləri təmin olunub. Manatın məzənnəsinin sabitliyi qorunub. Pandemiyanın dünya iqtisadiyyatına təsirlərini göstərdiyi ilk aylarda Azərbaycanın valyuta bazarında gərginlik yaşanırdı".

"Azərbaycan dövlətinin 2020-ci il ərzində pandemiya ilə mübarizə sahəsində atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən də izlənir. Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirlərin mühüm rolunu vurğulayıb və hökumətin keçirdiyi tədbirləri çevik və adekvat qiymətləndirib. Azərbaycan kredit reytinqində bir pillə artıma nail olub", - deyə nazir əlavə edib.