CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Heç nə çıxara bilmədim, 45-50 minlik malım batdı" - Bərdə bazarındakı yanğının detalları

Alov bazarın 5 min kvadrat metr ərazisindən 2 min kvadrat metrini əhatə edib. Nəticədə 88 mağaza yanıb.
Sputnik

BAKI, 26 may — Sputnik, Emin Əlisahib. Xəbər verildiyi kimi, Bərdə rayonunun Güloğlular kəndindəki bazar ərazisində mağazada yanğın baş verib. Artıq söndürülmüş yanğın paltar mağazalarının birindən başlayıb və qısa müddətdə geniş bir ərazini əhatə edib. Zərərçəkən Elnur Cəfərov hadisənin baş verdiyindən evdə olarkən xəbər tutub: “Evdə idim. Səhərə yaxın eşitdim ki, bazar yanır. Haradasa saat 8 idi. Gəldim ki, malların heç biri yoxdur, yanıb. Heç nə çıxara bilmədim. Yananların əksəriyyəti mənim mallarımdır. Qadın geyimləri idi. Olan mənə oldu. Haradasa 15-20 minə yaxın bizə ziyan dəyib”.  

Alov bazarın 5 min kvadrat metr ərazisindən 2 min kvadrat metrini əhatə edib. Nəticədə 88 mağaza yanıb. Yanğının miqyası böyük olduğundan sözügedən mağazalardan nəsə çıxarmaq mümkün olmayıb. Hadisə şahidi Aynurə Quliyevanın sözlərinə görə, mağazası kül olub: “Qadın ayaqqabısı və çantası satıram. Xahiş edirəm bizə köməklik olunsun. Bizim nəyimiz varsa, yanıb. Mağazada 25 minlik malım vardı. Biri də ələ gəlmədi. Hamısı yanıb, kül oldu. O da öz malım deyidi, Bakıdan borca gətirmişdim. Xahiş edirəm bizə köməklik edilsin”.  

Zərərçəkənlər arasında elələri var ki, onlara daha çox ziyan dəyib. Elşən İsmayılov danışır ki, hadisə zamanı onun 3 mağazası yanıb: “3 dükanım yanıb. Hərəsində haradasa 45-50 minlik mal var idi. Heç bir şey çıxara bilmədim. Biz bura daxil olanda içəridə yanğın başlamışdı. Cəhd etdim ki, nəyisə xilas edim. Alov o qədər geniş əhatəli idi ki, nəsə çıxarmaq mümkün olmadı”.

Görülmüş operativ tədbirlər sayəsində alovun bütün bazarı əhatə etməsinin qarşısı alınaraq, yanğın tam söndürülüb. Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq, yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub. İlkin ehtimallara görə, yanğına səbəb elektrik naqillərindəki qısa qapanmadır. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

"Heç nə çıxara bilmədim, 45-50 minlik malım batdı" - Bərdə bazarındakı yanğının detalları

Bərdə bazarında bu səhər baş verən yanğınla bağlı hadisə yerində olan Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Mübariz Əliyev Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, alovun ram edilməsi üçün 9 yanğın avtomobili və 50-dən yuxarı şəxsi heyətdən istifadə olunub. “Bu gün səhər saat 07:14 radələrində Bərdə Yanğından Mühafizə hissəsinin dispetçer məntəqəsindən yanğın baş verməsi ilə bağlı məlumat daxil oldu. Məlumat daxil olan kimi dərhal Bərdə Yanğından Mühafizə hissəsinin iki avtomobili hadisə yerinə çatdırılıb. Hadisə yeri qiymətləndirilib və yanğının əhatəsi böyük olduğundan iki saylı çağırış elan edildi. Bundan sonra Bərdənin 5 yanğın avtomobili, Tərtər, Yevlax, Ağdam və Bərdə rayon Dövlət Yanğından mühafizə hissələrinin hər birindən 1 yanğın avtomobili olmaqla, şəxsi heyəti ilə birlikdə yanğının söndürülməsində iştirak edib. Yanğın həddindən artıq böyük olduğundan 9 yanğın avtomobilindən, 50-dən yuxarı şəxsi heyətdən istifadə olunub. Şəxsi heyətin gücü sayəsində yanğın saat 09:11 radələrində tam söndürülüb. Yanğın yeri təxminən 5 min kvadrat metr ərazi olub. Bu ərazinin 2 min 100 kvadratmetr sahəsi yanıb”.

"Heç nə çıxara bilmədim, 45-50 minlik malım batdı" - Bərdə bazarındakı yanğının detalları

Mübariz Əliyev Bərdə bazarında yanğının gec söndürülməsi ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Yanğın yerində obyektlərin çiy kərpicdən və taxta konstruksiyadan olması və binanın damının örtülü olması səbəbindən çətinliklər yaratdı. Yanğının söndürülməsinə su ehtiyatı üçün rayon ərazisində olan 3 ədəd su maşınından da istifadə edildi. Alov ram edilərkən, istər bazar, istərsə də şəxsi heyətin arasında xəsarət alan olmadı”.