BAKI, 24 may — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapıları hamının üzünə açıq olmalıdır, o cümlədən də Azərbaycanın. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "İzvestiya" qəzetinə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, buna yalnız təşkilatın nizamnaməsinin bəzi müddəaları mane ola bilər ki, onlar da KTMT-də iştirak üçün üzvlər arasında diplomatik münasibətlərin olmasını nəzərdə tutur.
"Azərbaycanla Ermənistan arasında hələ ki, bu cür münasibətlər yoxdur. Bu cür münasibətlər qurulduqdan sonra - biz ümidvarıq ki, bu gec və ya tez baş verəcək, - məsələ bu və ya digər şəkildə praktiki müstəviyə çıxa bilər", - deyə Rudenko bildirib.
Müsahibədə həmçinin Avrasiya İqtisadi İttifaqı adından COVID-19 əleyhinə vahid peyvəndin hazırlanması və dünya bazarına yeridilməsi imkanlarına da toxunulub. XİN rəhbəri müavininin sözlərinə görə, bu, maraqlı ideyadır.
Avrasiya məkanında Rusiyada istehsal olunmuş preparatlardan başqa faktiki olaraq bir neçə peyvənd də var: Qazaxıstanın "QazVac" peyvəndi artıq hazırdır, belaruslu həmkarlar isə öz preparatlarının hazırlanmasına yaxın olduqlarını bildiriblər.
"Ona görə də, düşünürəm ki, mütəxəssislər, ekspertlər bir yerə toplaşaraq hansı peyvəndin daha yaxşı olduğunu müzakirə edə bilərlər. Ola bilər ki, elə bütün peyvəndlər qalsın, çünki, həkimlərin fikrincə, hər bir hal, hər bir adam üçün spesifik peyvəndin vurulması daha yaxşıdır", - deyə Rudenko bildirib.
Həmçinin oxuyun: