BAKI, 24 may — Sputnik. Azərbaycanın "Avroviziya 2021" təmsilçisi Samirə Efendinin müsabiqədə 20-ci yeri tutması və az xal toplaması ətrafında müzakirələr bitmək bilmir. Sputnik Azərbaycan xəbər verir ki, əksər ölkələrin "Mata Hari" ifasına xal verməməsi ilə bağlı bu dəfə bəstəkar və müğənni Murad Arif özünün "Facebook" səhifəsində fikir bildirib: "İldə bir dəfə Avropanın televiziya bayramına qoşuluruq. "Avroviziya" özü getdikcə melodiya yarışından çox, "POPsa", qəribəlik, erotizm, dəlilik, sərbəstlik, azadlıq və friklərin yarışına çevrilməkdədir. Hər ölkə də bacardığı kimi yaddaşda qalmağa çalışır".
M.Arif əlavə edib ki, Azərbaycan bu il başqa nəğmə, mövzu ilə çıxmalı idi: "Amma artıq budur, belədir. Ölkəmizə dəstək olmalıyıq. Hər ilin öz favoritləri, proqnozları olur. Çox zaman mənim proqnozlarım dəqiq olduğu üçün bu il də təxminlərimi sizinlə bölüşürəm. Şəxsən bəyəndiyim mahnılar İtaliya, Portuqaliya və Rusiyadandır".