BAKI, 24 may — Sputnik, Nikolay Protopopov. Etibarsız zireh, zəif manevr qabiliyyəti, həddindən artıq ağır silaha və çəkiyə malik olması - Pentaqon "Strayker" zirehli transportyorunun bazası əsasında hazırlanmış özüyeriyən artilleriya qurğularını istifadədən çıxartmaq məcburiyyətindədir. Bu təkərli tanklar 2000-ci illərin əvvəllərində hazırlanmışdı, ancaq İraqdakı ilk döyüş istifadəsi onların konstruksiyasının qeyri-kamilliyini ortaya qoydu.
Amerika zirehli texnikasının zəif cəhətləri barədə - "RİA Novosti"nin növbəti materialında.
Təkər üstündə top
Pentaqon 2002-ci ildə "Strayker" zirehli maşınlarını silahlanmaya qəbul etdi. Onlar, öz növbəsində, İsveçrənin "Piranya" ZTR-nin 1970-ci illərdə dizayn edilmiş və modernləşdirilmiş versiyası olan Kanada LAV III zirehli transportyoru əsasında hazırlanmışdı.
Amerika ZTR-i prototiplərindən çox fərqlənmirdi - gövdə və ümumi plan dəyişməmişdi. Hündürlüyü bir qədər artırılmış, zirehi gücləndirilmiş, alt profili korrektə olunmuşdu. Heyət iki nəfərdən ibarət olsa da, qoşun bölməsinə doqquz döyüşçü yerləşirdi. 350 at gücünə malik dizel mühərriki "Strayker"-i magistral yolda saatda 100 kilometrə qədər sürətlə itələyir. Yanacaq təxminən 500 kilometrə qədər kifayət edir. Tankın gövdəsi və arxa hissəsi desantı yalnız 7,62 millimetrlik güllələrdən qoruyur.
Standart modelin silahı – iriçaplı 12,7 və ya 7,62 mm-lik "Brauninq" pulemyotudur. Tankda 40 mm-lik avtomatik qumbaraatan quraşdırmaq mümkündür. ZTR-in bir neçə versiyası hazırlanıb: 120 mm-lik özüyeriyən minaatan, kəşfiyyat, komanda-qərargah, mühəndis və təcili yardım vasitələri.
Bundan başqa, maşının ağır silahlanmaya malik versiyası da mövcuddur - 105 mm-lik yivli tank topu. Pentaqon istehkam mövqelərinə, sığınacaqlara və düşmənin zirehli maşınlarına hücum üçün nəzərdə tutulmuş məhz bu modifikasiyadan imtina etməyə qərar verib.
Hərbçilər xərcləri hesablayaraq Özüyeriyən Artilleriya Qurğusunu (ÖAQ) modernləşdirməyə ehtiyac olmadığı qənaətinə gəliblər. Ağır "Strayker"-ləri portativ tank əleyhinə "Javelin" sistemləri ilə əvəzləmək daha asandır.
Ümidləri doğrultmadı
2000-ci illərin əvvələrində Pentaqon eyni anda iki mindən çox zirehli transportyor sifariş verdi – problemi, necə deyərlər, bir əldən həll etmək istədilər. Xüsusi mexanikləşdirilmiş briqadalar da ("Strayker brigade combat team", SBCT) elə həmin vaxt formalaşdırıldı.
Hər belə döyüş vahidinin sərəncamında müxtəlif dizayna malik üç yüz ədəd təkərli ZTR var. Taktiki baxımdan SBCT "Hamvi" avtomobillərində hərəkət edən yüksək mobilliyə malik piyadalar və ağır zirehli qruplar arasında yer alır.
Belə hesab olunur ki, həmin briqadalar dünyanın hər hansı bir yerində müxtəlif döyüş tapşırıqlarını sürətli şəkildə həll edə bilər. Şəxsi heyətin və avadanlıqların köçürülməsi S-130 "Herkules" nəqliyyat təyyarələri tərəfindən təmin edilir.
2004-cü ildə ilk bölmə İraqa göndərildi. İl ərzində "strayker briqadası"nın döyüş əməliyyatlarında istifadə edilməsi taktikası hazırlandı, yeni zirehli transportyorlar sınaqdan keçirildi. Həmin vaxt komandanlıq xüsusilə şəhər döyüşlərində birləşmələrin və ZTR-lərin yüksək səmərəliliyini qeyd etdi. Ancaq əsgərlər avtomobilin dizaynındakı qüsurlardan, atəş gücünün kifayət qədər olmamasından və zirehin zəifliyindən şikayətləndilər.
Pentaqonun xüsusi komissiyasının sonrakı hesabatı az qala proqramın bağlanması ilə nəticələnəcəkdi. Məlum oldu ki, ZTR yalnız düz və magistral yollarda yaxşıdır – dərə-təpə ərazilərdə palçığa, quma batır. Mühərriki tez-tez yüksək dövrədə istifadə etmək lazım gəlir ki, nəticədə resurs kəskin şəkildə azalır. Kələ-kötür yollarda asqı davam gətirmir: "Strayker" kanadalı və isveçrəli analoqları ilə müqayisədə daha ağırdır.
Dizaynerlərin başqa bir ciddi səhv hesablaması – heyəti yalnız atıcı silahlardan yaxşı qoruyan zirehlə bağlı idi. Real döyüşlərdə düşmən qumbaraatanlardan atəş açmağa üstünlük verdi. Tank əleyhinə əl qumbaraatanlarının mərmiləri asanlıqla tankın gövdəsini deşdi, buna görə də maşınları təcili şəkildə qəfəs panelləri ilə təchiz etmək lazım gəldi.
Bundan başqa, yüksək ağırlıq mərkəzi səbəbindən ZTR hər hansı bir maneəyə dəyəndə və ya minaya düşəndə çox vaxt tərsinə çevrilir. Üstəlik, təhlükəsizlik kəmərləri də düzgün işləmədiyindən, bir neçə əsgər həlak olur.
Problemlər zənciri
Səhvləri düzəltməyə çalışdılar. Məsələn, kumulyativ qəfəs və üst zireh mütamadi olaraq zavodda quraşdırılmağa başlandı. Bu səbəbdən tankın çəkisi xeyli artdı və nəqliyyat vasitələrinin hava yolu ilə daşınması zamanı çətinliklər meydana gəldi - bəzi modifikasiyaları, sadəcə olaraq, yük təyyarələri ilə daşımaq mümkün deyildi.
Yeni elektronik və gecə görmə cihazları belə vəziyyəti çox da dəyişə bilmədi. "Strayker"-in bir yığın problemi həll olunmamış qaldı. Bundan başqa, modernləşdirmə bütün proqram üçün əlavə maliyyə vəsaiti tələb edirdi.
Bir sözlə, Amerika ordusunda qoşunların müasir müharibə tələblərinə cavab verən zirehli texnika ilə təchiz olunması problemi bir neçə ildir ki, aktualdır. Pentaqon bir sıra layihələr həyata keçirməyə çalışsa da, bunun heç bir nəticəsi olmadı.
Beləliklə, 2004-cü ildə Amerika generalları orduda böyük islahat aparmaq məqsədilə Future Combat Systems (FCS) layihəsi çərçivəsində, pilotlu və pilotsuz versiyalarda zirehli maşınlar yaratmağa qərar verdilər. Bu işə yüz milyardlarla dollar xərcləndi, ilk briqadanın 2015-ci ildə yeni avadanlıqlara yerləşdirilməsi və 2030-cu ilə qədər 15 birləşmə qurulması planlaşdırılırdı. Ancaq proqram gözlənilmədən bağlandı - rəsmi açıqlamaya görə, buna səbəb müdafiə strategiyasındakı dəyişikliklər idi.
Daha sonra piyadaların perspektivli döyüş maşını – "Ground Combat Vehicle" (GCV) layihəsini elan etdilər. Bu, müdafiə baxımından köhnəlmiş M2 "Bradly"-ni üstələməli, eyni zamanda daha yüngül, daha hərəkətli və manevr baxımından daha çevik olmalı idi. Nəticədə, GCV kütləvi istehsal üçün çox baha başa gəldi - 2014-cü ildə bütün işlər dayandırıldı.
İndi amerikalılar başqa bir proqramı - süni intellekt əsasında və uzaqdan idarə olunan piyada döyüş maşınlarının yaradılmasını nəzərdə tutan "Optionally Manned Fighting Vehicle" (OMFV)-i reallaşdırmağa başlayıblar.
Belə görünür ki, Pentaqon piyadaları daşımaq və döyüşmək üçün köhnə M113 və M2 "Bradly"-dən istifadə etməli, eyni zamanda, kiçikçaplı "Strayker"-lərin modernləşdirilməsi ilə məşğul olmalıdır.
"A1"-in yeni versiyası bir neçə il bundan əvvəl təqdim olunub: 30 mm-lik lülə, möhkəmləndirilmiş zireh, daha güclü mühərrik, gücləndirilmiş transmissiya. Qısa mənzilli hava hücumundan müdafiə maşınının bir variantı da nəzərdə tutulur. Ancaq yeni "Strayker"-in döyüş üçün əvvəlki versiyalardan daha yararlı olub-olmayacağı məlum deyil. Axı mahiyyətcə konstruksiya eyni olaraq qalır.