BAKI, 23 may — Sputnik. Ryanair aviaşirkətinin təyyarəsi bazar günü Belarus paytaxtındakı "Minsk" hava limanına eniş edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu flightaware.com saytının məlumatlarından görmək olar.
Təcili eniş
Saytın məlumatına əsasən, Boeing 737-800 təyyarəsi Afinadan saat 10.29-da qalxıb, lakin Vilnüsə eniş etməyib.
"Minsk" hava laimanının mətbuat xidmətindən Sputnik-ə bildirildiyinə görə, təyyarə hava limanına eniş üçün müraciət edib.
"Təyyarə mina qoyulması xəbərinə görə bizdə enib və uğurla enib. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər", – mətbuat xidmətindən deyilib.
Qurumdan əlavə ediblər ki, mina qoyulması xəbəri təsdiqlənməyib.
FHN-dən bildirilib ki, 13.09-da təyyarəyə qəza-xilasetmə texnikası göndərilib, lakin xilasedicilərin köməyinə ehtiyac olmayıb.
Müşayiət qırıcısı
"Пул Первого" teleqram kanalının məlumatına görə, təyyarə ilə bağlı vəziyyət barədə Belarus Prezidenti Aleksandr Lukaşenkoya xəbər verilib vəo, təyyarəni qəbul etmək əmrini verib. Təyyarəni müşayiət etmək üçün havaya MiQ-29 qırıcısı qaldırılıb.
Belarus Müdafiə nazirliyinin şərhi
Baş qərargah rəisi, HHQ və HƏM qoşunları komandanının birinci müavini general-mayor Andrey Qurtseviçin dediyinə əsasən, Belarus hava məkanında minalanma ehtimalı olan təyyarənin olması xəbəri alındıqdan sonra hava əleyhinə müdafiə üzrə növbətçi qüvvələr 1№li hazırlıq vəziyyətinə gətiriliblər.
Ryanair təyyarəsinin komandiri təyyarəni "Minsk" hava limanına endirmək qərarı verdikdən və onu bu istiqamətə döndərdikdən sonra Baranoviçi aerodromundan havaya MiQ-29 qaldırılıb.
"Növbətçi heyət nəzarət, lazım gəldikdə isə mülki təyyarəyə Minsk-2 aerodromuna təhlükəsiz eniş etməyə yardım etmək tapşırığını almışdı", – Qurtseviç deyib.
Təyyarə uğurla eniş etdikdən sonra növbətçi heyət öz bazasına qayıdıb.
Cinayət işi
Belarus İK bildirib ki, təyyarəyə mina qoyulması xəbərini vermə faktı üzrə cinayət işi açılıb.
"İstintaq məlumatlarına əsasən, mayın 23-də gündüz saatlarında Afina-Vilnüs reysini həyata keçirən təyyarəyə mina qoyulması barədə məlumat alınıb. Məlumatın yoxlanılması üçün təyyarə "Minsk" hava limanına eniş edib'', – qurumun məlumatında deyilir.
Hadisə yerində DİN istehkam-pirotexniki qrupu və əməliyyat-istintaq qrupu işləyiblər. Partlayıcı vasitələr aşkar olunmayıb.
Təhlükə barədə yalan məlumat vermə faktı üzrə cinayət işi İstintaq komitəsinin Oktyabr rayonu (Minsk şəhəri) şöbəsi tərəfindən qaldırılıb.
Protaseviçin saxlanılması
Təyyarədə 100-dən artıq sərnişin olub.
Onların arasında Belarusda ekstremist sayılan teleqram kanalının yaradıcısı Roman Protaseviç də var.
Ötən ilin noyabrında Belarus DTK kanalın yaradıcıları Stepan Putilo və Roman Protaseviçi terrorçuluğa aid şəxslər siyahısına daxil edib.
Onların barəsində Belarus Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb.
Məlumdur ki, ötən həftə DTK-nın terrorçuluğa aidiyyəti olan şəxslər sırasına daxil etdiyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Afinada səfərdə olub. Mayın 13-də Tixanovskaya Yunanıstan Prezidenti Katerina Sakellaropullo ilə görüşüb. Tixanovskaya bir həftə əvvəl eyni reyslə Vilnüsə qayıdıb.
* Həmçinin oxuyun: