Nazirlikdən saxta əlilliklərlə bağlı daha bir açıqlama

"Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, sui-istifadə halları aradan götürülsün".
Sputnik

BAKI, 21 may — Sputnik. Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu 30 faiz təşkil edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəm təşkil edir:

"Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır və aparılacaq. Bizim istiqamətimiz bundan ibarətdir. Bu, sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, sui-istifadə halları aradan götürülsün".