"Ev almağa ömürləri çatmayacaq" - Deputat şəhid ailələrinin ağlamalı durumu barədə

"Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir".
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Onlardan xeyli hissəsi ilə görüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilməyiblər. "Ev-ev" deyə-deyə dünyadan köçdülər və həqiqətən çox üzgünəm. Onlardan biri İmişli rayonu, Qaraqaşlı kənd sakini Mirəliyev Rüstəm kişi idi. Əsa ilə qəbula gəlir və çox pis vəziyyətdə yaşadığını deyirdi. Çox köhnəlmiş evinə güclə çıxıb-düşdüyünü deyirdi. O kişi dünyasını dəyişdi və onun obrazı gözümün qabağından getmir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, bütün Azərbaycan boyu belə şəhid ata və anaları var:

"Onların 70-85 arası yaşları var, hər biri xəstədir. Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir. Bir nümunə üzərində deyim. İmişlinin Hacalmuradlı kəndində 77 yaşlı şəhid anası Nafizə Tarverdiyeva ilə görüşdüm və o mənə dedi ki, 28 ildir şəhid vermişəm və ev gözləyirəm. Amma, bilsinlər ki, ev almayana qədər Allahdan möhlət istəmişəm, başımı yerə qoyan deyiləm. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir. Əgər növbəyə qalsa, onların ev almaq üçün ömürləri yetməyəcək".

Deputat spiker Sahibə Qafarovaya müraciət edərək deyib ki, təxirəsalınmaz olduğunu nəzərə alaraq bu məsələyə siz də xüsusi diqqət ayırasınız.