BAKI, 20 may — Sputnik. Dünya iqlim dəyişikliyinə qarşı sürətli və müvafiq şəkildə mübarizə aparmasa, əsrin sonlarına qədər Maldiv adaları yox ola bilər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Maldiv adalarının ətraf mühit və texnologiya naziri Aminat Şauna bildirib.
Onun sözlərinə görə, təbiətə indiki kimi zərbə vurulmağa davam edilsə, 2100-ci ilə qədər Maldiv adaları olmayacaq: "İqlim dəyişikliyi realdır, biz isə dünyada ən həssas ölkəyik".
O vurğulayıb ki, bu gün Maldiv adalarının 80%-i dəniz səviyyəsindən cəmi bir metr hündürlükdədir. Şauna vurğulayıb ki, adaların əksəriyyətində daşqın və sahil xəttinin aşınması müşahidə olunur.
Nazir qeyd edib ki, hökumət iqlim dəyişikliyinin təsirini minimuma endirmək üçün tədbirlər görür.