Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 may — Sputnik. Bu yaxınlarda Qəbələ Dəmiryol Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmiryolunun açılışı olub. Dəmiryol xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. Bu, Qəbələdən Bakıya və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.
İqtisadçılar bu dəmiryolunun istifadəyə verilməsinin ölkə iqtisadiyyatına təsirlərini, perspektivlərini şərh ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, Bakı ilə Qəbələ arasında birbaşa dəmiryolu bağlantısının təminatı ölkə iqtisadiyyatının dayanıqlı inkişafı, o cümlədən regional tərəqqi, məhsuldar qüvvələrin tarazlı şəkildə yerləşdirilməsi baxımından mühüm amildir:
"Bunun bir sıra istiqamətlər üzrə ölkə iqtisadiyyatına müsbət təsirlərini gözləmək olar. Ölkədə dəmiryol nəqliyyatının istifadəyə verilməsi olduqca zəruri idi. Dəmiryolunun ölkədaxili optimal nəqliyyat növü kimi yayılması mühümdür. Çünki ölkənin coğrafi imkanlarına nəzər saldıqda hava nəqliyyatının o qədər də effekti olmur. Regionların inkişafı Azərbaycan iqtisadiyyatının tarazlı, şaxələndirilmiş tərəqqisi baxımından önəmlidir. Regionların sosial-iqtisadi inkişafının dayanıqlı şəkildə formalaşdırılması üçün infrastruktur və kommunikasiya layihələrinin icrasına nail olmaq lazımdır".
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, dəmiryolunun istifadəyə verilməsi paytaxtdan Qəbələyə dəmiryolu vasitəsilə səfər etməyə imkan yaradacaq:
"Bu dəmiryolunun istifadəyə verilməsi daxili və gəlmə turizmin inkişafı baxımından vacib hesab olunur. Qəbələ turistlərin ən çox səfər etdiyi rayonlarımızdandır. Turizmin inkişafı Qəbələ rayonunun iqtisadi göstəricilərinə də təsirsiz ötüşməyib. Rayonda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə rayonda 5909 nəfər hotellərdə qalmışdırsa, pandemiyadan əvvəlki il bu rəqəm 186 min 431-dək yüksəlib.
Həmin müddətdə hotellərin gəliri 393 min manatdan 30 milyon 919 min manatadək artıb. Hotellərdə nömrələrin sayı son 5 ildə 196-dan 1127-ə çatıb. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub. Turizmin inkişafı yan sahələrə də təsir edib. Belə ki, Qəbələdə son 5 ildə pərakəndə ticarət dövriyyəsi 32 faiz artaraq 197 milyon manata çatıb. Həmin müddətdə ictimai iaşənin dövriyyəsi 7 milyon 554 min manatdan 14 milyon 774 min manatadək yüksəlib".
"Yeni dəmiryol xəttinin istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq. Əcnəbi turistlərin qatarla səfərlərə üstünlük verdiyini nəzərə alsaq, bu, gəlmə turizminin inkişafına da xüsusi töhfə verəcək", - deyə deputat əlavə edib.
Həmçinin oxuyun: