BAKI, 20 may — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Abşeron rayon prokurorluğuna daxil olan müraciət əsasında aparılan ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edib.
Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək.