Britaniyalı nazir bu gün Azərbaycana gələcək

Nazir iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, habelə Ekologiya və Təbii Sərvətlər nazirləri ilə görüşlər keçirəcək.
Sputnik

BAKI, 20 may - Sputnik. Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stüart Azərbaycana səfərə gəlir.

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, üçgünlük səfəri çərçivəsində Stuart Britaniya və Azərbaycan birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak edəcək.

Mayın 20-dən etibarən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Britaniyanın dəstəyi vurğulanacaq.

Nazir Stuart, Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini, habelə Britaniyanınmaliyyə, təhsil, İKT, səhiyyə və yaradıcılıq sektorlarında iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycana göstərəcəyi dəstəyi müzakirə ediləcək.

Britaniyalı nazir Bakıda keçirəcəyi yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək “COP26” İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “net zero” planını qəbul etmək üçün Britaniyaya qoşulmağa təşviq edəcək.

Nazir, həmçinin, iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, habelə Ekologiya və Təbii Sərvətlər nazirləri ilə görüşlər keçirəcək.

Qraham Stuart Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında da iştirak edəcək.

Səfirliyin verdiyi məlumata görə, onun Təhsil naziri ilə də görüşü planlaşdırılıb.