RUSİYA

Qonşuda qum fırtınası: Azərbaycandan yan keçəcək

Güclü külək səbəbindən Həştərxandakı evlərin damlarının və balkonlarının konstruksiyaları hissə-hissə qoparaq küçədə hərəkət edən adamların üstünə düşüb.
Sputnik

BAKI, 19 may - Sputnik. Qum fırtınası Həştərxan və Dağıstanın bir neçə rayonunu ağuşuna alıb. Güclü küləyin gecə də davam edəcəyi proqnozlaşdırılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya FHN-in Həştərxan vilayəti üzrə dövlət idarəsinin mətbuat xidmətindən bildirilib. 

Həştərxanda qum fırtınası yerli vaxtla (Bakı vaxtı ilə üst-üstə düşür) saat 18:00-da baş qaldırıb. Fırtına Kalmıkiya istiqamətindən gəlib. Küləyin sürəti saatda 15-20 metrə çatıb, onun axşam daha da güclənəcəyi bildirilir.

Güclü külək səbəbindən Həştərxandakı evlərin damlarının və balkonlarının konstruksiyaları hissə-hissə qoparaq küçədə hərəkət edən adamların üstünə düşüb. 18 yaşlı oğlan aldığı xəsarət səbəbindən xəstəxanaya çatdırılıb.

Dağıstanda isə qum fırtınası yerli vaxtla saat 15.00-da baş verib. 

"Respublikadan həm soyuq şimal-qərb küləyinin keçməsi, həm də havanın temperaturunun yüksəlməsi (bəzi bölgələrdə 30-35 °-ə qədər) nəticəsində bu fenomenə səbəb olan hava kütlələrinin qarışması baş verib", - deyə Dağıstan Hidrometeorologiya və Ətraf mühitin Monitorinqi Mərkəzinin rəisi Abdulqalim Dadaşov bildirib. 

Onun sözlərinə görə, fırtına Kizlyar və Tarumovsk rayonlarından keçərək Mahaçqalaya istiqamətlənib. Bir neçə saat sakitləşəndən sonra İzberbaş və Dərbənd şəhərlərinə yan alacaq. Ekspertlərin sözlərinə görə, qum fırtınası Azərbaycana çatmayacaq.