SƏHİYYƏ

"Dalğa"nı yaddan çıxarın - ÜST

"Artım başlayandan 1,5 il sonra biz onu necə dayandıracağımızı bilirik. Pandemiya sel deyil, virus insanların davranışından asılıdır" - Vuynoviç.
Sputnik

BAKI, 19 may — Sputnik. Bütün dünyada koronavirusa yoluxanların sayında ləngərləmələr qeydə alınır, ona görə də "dalğa" anlayışından uzaqlaşmaq lazımdır, ancaq bu zaman vaxtında tədbirlər görmək üçün yoluxanların sayının artmasını nəzarətdən buraxmaq da olmaz.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç deyib.

"ÜST ekspertləri dalğa barədə danışmırlar, çünki bu, 2018-ci ildəki ispan qripi pandemiyasının analogiyasıdır, o vaxt üçüncü dalğa keçmişdi və kifayət qədər immunitet vardı. Biz indi təkcə Avropa deyil, bütün dünyada artım və azalmanı müşahidə edirik və mən burada Rospotrebnadzor-la razıyam ki, dalğa barədə danışmaq lazım deyil. Yoluxmanın artmasını izləmək gərəkdir. Artım başlayandan 1,5 il sonra biz onu necə dayandıracağımızı bilirik. Pandemiya sel deyil, virus insanların davranışından asılıdır", - deyə Vuynoviç bildirib. 

Onun sözlərinə görə, əgər cəmiyyət yoluxma sayının artmasına dərhal reaksiya verə bilsə, virusu müəyyən edib yoluxanları təcrid etsə, o zaman xəstələrin sayının artmasını tez bir zamanda dayandırmaq olar.

"Yoluxanların sayının qəfil artmasını yeni dalğa kimi qələmə verilməsi isə sadəcə ekspertlərin ritorikasıdır. Əgər artımları saymağa başlasaq, onların sayı xeyli olacaq. Yəni bu, ispan qripi kimi olmayacaq - üç dalğadan sonra bitməyəcək. Bu anlayışdan (dalğa) qaçmaq lazımdır. İndi dalğa keçib, yəqin ki, təzəsi də gələcək. Artım olanda ona dərhal reaksiya vermək lazımdır, o zaman bu, elə də qorxulu olmayacaq", - ÜST nümayəndəsi yekunlaşdırıb.