BAKI, 19 may — Sputnik. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda diri çəkidə 176,3 min ton ət, 672,3 min ton süd, 624,7 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal olunub.
Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 3,0 faiz, süd istehsalı 1,9 faiz, yun istehsalı 0,1 faiz artıb, yumurta istehsalı isə 4,4 faiz azalıb.
2021-ci ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1447,4 milyon manat təşkil edib. Onun da 1343,4 milyon manatı heyvandarlıq, 104,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,6 faiz artıb.
Xatırladaq ki, Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb. Cari ilin aprel ayında əvvəlki aya nisbətən yumurtanın qiyməti 2,1 faiz ucuzlaşıb. Mart ayında da fevral ayına nisbətən yumurtanın qiyməti 0,3 faiz aşağı düşüb. Bu ilin fevral ayında yanvar ayına nisbətən yumurtanın qiyməti 3,4 faiz, yanvar ayında isə dekabra nisbətən 5,9 faiz bahalaşmışdı.
Bir müddət əvvəl yumurtanın qiyməti 18-20 qəpik arasında dəyişirdi.