BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. Artıq Ləkidən Qəbələyə qatarla getmək mümkün olacaq. Bu gün qatarla media tur təşkil olunub. Beləliklə, sözügedən qatarın ilk sərnişinləri jurnalistlər olub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ləki–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir. Ləki – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmir yolu dayanacağı, Qəbələ dəmir yolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmir işləri aparılıb.
Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci sinif yerlərdir.
Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr istinad divarının tikintisi tamamlanıb. Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkəsi quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqon metr metal hasar quraşdırılıb.