MƏDƏNİYYƏT

Bəstəkar Cavanşir Quliyev "İrəvan Türk Cumhuriyyətinin" Dövlət himnini bəstələyib

Himni böyük simfonik orkestr və böyük qarışıq xor ifa edəcək. Əgər koronavirus imkan versə, yay aylarında lentə yazılacaq.
Sputnik

Sputnik Azərbaycan, Şahpəri Abbasova

BAKI, 18 may — Sputnik. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İrəvan Türk Cumhuriyyətinin Dövlət himnini bəstələyib. Bəstəkar sözügedən himnin yaranmasının səbəbindən Sputnik Azərbaycan-a danışıb:

"Himnin yaranma tarixi kifayət qədər uzun oldu. Təxminən keçən ilin yay aylarında İrəvan Türk Cumhuriyyəti tərəfindən mənə təklif etdilər, mən də qəbul etdim. Dedim sözləri özünüz seçin. Çünki himn siyasi atributdur. Himnin sözləri mütləq araşdırılmalıdır, rəhbərlik tərəfindən müzakirə olunmalıdır. Şairlər arasında müsabiqə elan etdilər. Müsabiqə müddəti uzun çəkdi. Çox şeirlər yazıldı, mənə də o şeirləri göndərirdilər. Nəhayət, bir şeirin üzərində qaldılar və mən həmin sözlərə himn yazdım. Himnin sözlərini iki şair - Eldar İsmayıl Böyüktürk və Abdulla Cəfəri yazıblar".

C.Quliyevin sözlərinə görə, himn bu yay ictimaiyyətə təqim edilə bilər:

"Himnin demo - yəni kompüterdə onun musiqili versiyasını təqdim etdim. Demo versiya geniş tamaşaçı kütləsi üçün olmasa da, mahnının necə bəstələndiyi anlaşılır. Himnin səsləndirilməsi Böyük Simfonik Orkestr və Böyük Qarışıq Xor vasitəsi ilə olacaq. Qürurluyam ki, çox vacib bir missiyanı tamamlaya bildim. Yay aylarının birində isə himnin ifasını və yazılışını etmək istəyirik. Himn Bakıda Filarmoniyada Dövlət Simfonik Orkestri və xorla ifa olunmalıdır. Əgər koronavirus imkan versə, yay aylarında lentə yazacağıq. Bundan sonra geniş ictimaiyyətə təqdim edəcəyik".

Xatırladaq ki, İrəvan Türk Cümhuriyyəti hazırda Ermənistanın rəsmi sərhədləri daxilində olan qədim Azərbaycan ərazilərindən deportasiya edilmiş azərbaycanlılar tərəfindən 2020-ci ilin may ayında keçirilən onlayn konfrans zamanı elan edilib. Həmin ilin iyul ayında İTC-nin mühacir hökumətinin dövlət bayrağı və gerbi qəbul olunub.

4 İyul – İrəvan Türk Cümhuriyyətinin Bayraq Günü kimi təsdiqlənib.