Şəmkirli bu dəfə parnikdə pomidor yox, qadağan olunmuş bitki əkib

N.Hüseynovun yaşadığı fərdi yaşayəş evinə baxış keçirilən zaman yardımçı tikilidən qurudulması üçün sərilmiş, 30 ədəd, ümumi çəkisi 3 kq 750 qram olan çətənə kolu aşkar olunub.
Sputnik

BAKI, 18 may — Sputnik. Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə,  polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. İstixanaya baxış zamanı oradan 31 ədəd, ümumi çəkisi 14 kq 850 qram olan, çətənə kolu aşkar olunub. Bundan başqa N. Hüseynovun yaşadığı fərdi yaşayəş evinə baxış keçirilən zaman yardımçı tikilidən qurudulması üçün sərilmiş, 30 ədəd, ümumi çəkisi 3 kq 750 qram olan  çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna edilmir.

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.