BAKI, 16 may — Sputnik, Şahpəri Abbasova. Rüfət İsmayıl AFFFAIR markasının yaradıcı direktoru və qurucu tərəfdaşıdır. Modellik karyerasına gənc yaşlarından başlayan Rüfət 2000-ci ildə Azərbaycanın "Ən Yaxşı Modeli" adını qazanıb və bu sahədə Pako Raban və Valentin Yudaşkin kimi müxtəlif nüfuzlu adlarla çalışıb. Qısa müddətdən sonra modellikdəki uğurlarını dəbə olan həvəsi ilə birləşdirib və öz markasını yaratmağa qərar verib. Markasını qurmaq üçün İstanbula yerləşən məşhur dizayner, 2014-cü ildə markasını bazara çıxarıb və uğurlu bir sürət qazanıb. AFFFAIR adı ilə dünyada tanınan marka, hazırda Rüfət İsmayılın rəhbərliyi altında fəaliyyət göstərir. Məşhur modelyer dünyanın ən məşhur ulduzları ilə çalışıb. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək Samirə Efendinin və onunla birlikdə səhnəyə çıxacaq rəqqasların geyimi dünya şöhrətli dizaynerə həvalə olunub. Həmyerlimiz geyim haqqında Sputnik Azərbaycan-a danışıb: "Samirə Efendinin geyimi haqqında ətraflı danışmağa bizə icazə verilmir. Onu deyə bilərəm ki, əsas vacib məqam milli elementlərin mövcudluğu idi, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaqlar və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Samirənin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır. Efendinin kostyumu qiymətli və yarıqiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq. 15-20 günə yaxındır ki, onun geyimi üzərində işləyirik. Üzərində xeyli sayda daşlar var".
Məşhur modelyer Azərbaycan səhnəsinin ən dəbli müğənnilərindən də bəhs edib: "Səhnəmizin ən dəbli müğənnisi Aygün Kazımovadır. Aygün xanım bütün dövrlərin ən dəbli müğənnisi olub. Azərbaycanda dəblə bağlı ilklərə imza atıb. Son dövrlər Sevda Ələkbərzadə də şarmlı geyinir. Bu siyahıya Röyanı da əlavə edərdim. Kişi müğənnilərindən isə ilk sıralarda Çingiz Mustafayevi, Elnur Məmmədovu görürəm".
"Bahalı geyim heç də dəbli geyim demək deyil" deyir həmyerlimiz: "Ucuz geyimlə də tərz yaratmaq mümkündür. Sənin zövqün varsa, ucuz qiymətə aldığın geyim milyon dollarlıq bir geyimdən daha tərz kimi görünə bilər. Yəni, tərzlə geyinmək üçün birinci növbədə zövq lazımdır. Bahalı geyinmək şərt deyil. Zövqsüz adam milyonlar xərcləsə belə, yenə də zövqsüz görünəcək. Halbuki bəlkə də üzərində milyon dollarlıq brend markalı geyimlər var".
Hər addımı böyük ajiotaja səbəb olan məşhur dizayner gələcək planlarından da bəhs edib: "Pandemiyadan yeni çıxmışıq. Hazırda yeni kolleksiya üzərində çalışıram. Mən hər zaman kolleksiya üzərində çalışanda mütləq Azərbaycanın milli ornamentlərindən istifadə etməklə kolleksiya hazırlayıram. Ötən ilin sentyabrında Nyu-York moda həftəsi çərçivəsində 30 modeldən ibarət "Xarı Bülbül çiçəyi" adlı yeni kolleksiyasını dünyanın əfsanəvi moda məkanı olan "Springs Studio"-da təqdim etdik. İnşallah, iki aya moda sevərləri bu yeniliklərlə sevindirərik".