BAKI, 17 may — Sputnik. Almaniyanın NDR radiosunun "Gecəyarı vaxtı: "Planet"-Azərbaycanın füsunkar cazı" (Round Midnight: "Planet" - Mitreißender Jazz aus Aserbaidschan) başlıqlı, azərbaycanlı caz ifaçısı İsfar Sarabskinin yaradıcılığından bəhs edən veriliş yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, verilişdə Azərbaycan cazı barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan cazı Almaniyada hələ ki, kifayət qədər tanınmayıb. Bu xüsusda yalnız pianoçu Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə istisna təşkil edir. Belə ki, o, 1990-cı illərdə özünü beynəlxalq səviyyədə qəbul olunan pianoçu və müğənni kimi sübut edə bilib. Hazırda isə 31 yaşlı azərbaycanlı caz musiqiçisi İsfar Sarabskinin yüksək səviyyəli ifası diqqəti cəlb edir.
Verilişdə bildirilir ki, İsfar Sarabski hazırda Bakıda yaşayır. Onun musiqi yaradıcılığında cazın, ənənəvi Azərbaycan musiqisi olan muğamın, eləcə də klassik musiqinin müxtəlif elementləri ecazkar şəkildə birləşir. Bildirilir ki, Sarabski yaradıcılığına piano ifaçısı kimi başlayıb, klassik musiqini dərindən öyrənib, cazla tanışlıqdan sonra isə gələcəyinin bu musiqi sahəsi ilə bağlı olduğunu anlayıb. O, Berkli Musiqi Kollecinin təqaüdçüsü olaraq Bostonda təhsilini davam etdirib və orada cazla bağlı biliklərini daha da dərinləşdirib. Verilişdə həmçinin İsfar Sarabskidən alınmış müsahibədən parçalar təqdim olunur. Sarabski Azərbaycanın mədəniyyətlə zəngin ölkə olduğunu, musiqinin orada yaşayan hər bir insanın həyatında müəyyən rol oynadığını qeyd edir. O, Bakının sovet dövründə SSRİ-nin caz paytaxtı olaraq tanındığını vurğulayır. Verilişdə azərbaycanlı caz ifaçısı "Planet" adlı ilk albomu, onun ərsəyə gəlməsinin təfərrüatları barədə dinləyicilərə ətraflı məlumat verir. Veriliş boyu sözügedən albomda yer alan musiqi parçaları dinləyicilərin diqqətinə təqdim olunur.
Eləcə də oxuyun:
* Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik
* Cavanşir Quliyev: Musiqimiz də, dinləyicimiz də keyfiyyətsizləşir
* Əfsanəvi Vaqif Mustafazadənin evindən qeydlər