Rus və ingilis döyüş gəmiləri İstanbul boğazından Qara dənizə girdi

Bir saatlıq fasilə ilə İstanbul boğazından keçən rus və ingilis döyüş gəmilərini Türkiyənin sahil mühafizə qayıqları müşayiət edib.
Sputnik

BAKI, 16 may — Sputnik. Rusiya Dəniz Donanmasının Qara dəniz flotuna aid 142 nömrəli "Novoçerkassk" adlı döyüş gəmisi bu gün səhər saatlarında Mərmərə dənizindən Bosfor boğazına girib. Sputnik Türkiyənin məlumatına görə, hərbi gəminin boğazdan keçidini iki sahil mühafizə qayığı müşayiət edib. Təxminən 1 saat ərzində Fatih Sultan Mehmet körpüsünün altına çatan gəmidə keşik çəkən əsgərlərin olduğu müşahidə edilib. Boğaz keçidini 1,5 saata başa vuran gəmi Qara dənizə tərəf üzüb.

Rus döyüş gəmisinin boğaza girməsindən təxminən 1 saat sonra isə İngiltərə Kral Donanmasına məxsus P 224 nömrəli "HMS Trent" adlı dəniz patrul gəmisi də Marmara dənizindən boğaza daxil olub. Bu hərbi gəmi də 2 sahil mühafizə qayığının müşayiəti ilə Fatih Sultan Mehmet Körpüsünün altına təxminən 1 saata çatıb. Çox sayda ingilis əsgərinin gəminin göyərtəsindən sahili seyr etdiyi müşahidə olunub. İngilis hərbi gəmisi də Boğaz keçidini 1,5 saata tamamlayaraq Qara dənizə tərəf üzüb.

Qeyd edək ki, beş gün əvvəl Fransa donanmasına məxsus bir gəmi də Bosfor boğazından keçərək Qara dənizə daxil olmuşdu.