CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmiyyətin üz döndərdiyi insanlar: bu gün onlar yad edilirlər

QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 1119 nəfərdir
Sputnik

BAKI, 16 may — Sputnik. Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadıqlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin mayın 1-dək olan rəqəmlərə görə, hazırda 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-i (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə, öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanlarının 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar onların COVID-19 barədə biliklərinin artırılması məqsədilə xüsusi broşur nəşr olunub.

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanların xatirəsi anılır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən "Karantin rejimi" ilə əlaqədar maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-in rəsmi internet səhifəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.

Bu xatirə günündə QİÇS-dən dünyasını dəyişənləri bir daha yada salır və hamını sağlam həyat naminə İİV-infeksiyası/QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırırıq.

Eləcə də oxuyun: 

Narkotik istifadəçilərinə Səhiyyə Nazirliyindən məsləhətlər

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

Kişinin ölümcül xəstəliyi 25 il ondan gizlədilib