CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Sosial şəbəkədə süpürgəçi anası ilə fotosu yayılan beş yaşlı Ayanın ciddi problemi var, həll olunmasa gələcəkdə fəsadı daha da arta bilər. Bu barədə Sputnik Azərbaycan-a Kəmalə Ağazadə danışıb.
Sputnik

BAKI, 16 may — Sputnik. "Bildiyiniz kimi, Ayan ötən gün səhər saatlarında anası Şövkətlə birgə sığınacağımıza yerləşdirilib. Ayanın yayılan fotosu hər kəsi duyğulandırmışdı. Amma bir fotonun arxasında böyük bir ailə dramı var idi. Azyaşlının səhhətində problemləri var, əməliyyat olunmalıdır. Artıq bu istiqamətdə aidiyyəti üzrə danışıqlar aparırıq".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə artıq bir neçə gündür ki, sosial şəbəkələrdə fotosu yayılmış azyaşlı, süpürgəçi işləyən anası ilə birgə sübh tezdən küçələrdə olan Ayan haqda danışarkən deyib.

K.Ağazadə bildirir ki, azyaşlı əməliyyat olunmasa, səhhətindəki problem böyüdükcə daha böyük fəsad yarada bilər: "Ayan bir neçə ay öncə qurşaqdan aşağı 4-cü dərəcəli yanıq xəsarəti alıb. Onun hər iki ayağında çox ciddi, ağır yanıqlar var. Yanığın fəsadları olduğuna görə, o əməliyyat olunmasa, böyüdükcə ayaqlarında problemlər yaranacaq, axsayacaq. Bu hadisənin baş verməsinin səbəbinə gəldikdə isə, qadın uşağını qoymağa yeri olmadığından yaxın birinə övladını etibar edib və biganəlik nəticəsində uşağın üzərinə qaynar su tökülüb".

Birlik sədri həyat yoldaşından rəsmi olaraq boşanan qadının alimentdən də imtina etdiyini deyir: "Qadının evi var, amma ona ev demək olmaz. Çox bərbad bir evdir. Təsəvvür edin, o evi qadın özü daşları götürərək tikib. Yardımlara gəldikdə isə onu qeyd edim ki, artıq dünəndən yardımlar üçün müraciət edənlər, kart hesabını istəyib yardım etmək istəyənlər də var. Azyaşlıya oyuncaq alıb göndərənlər də var.

Məqsədimiz Şövkət kimi qadınların timsalında analara dəstəyin göstərilməsi üçün alternativ xidmətlərin yaradılmağına nail olmaqdır ki, onlar övladlarını etibarlı bir yerə qoya bilsinlər. İstər çörək sexləri, istər digər sex və zavodlarda işləyən, istərsə də salonlarda işləyən, yaxud da xadimə işləyən qadınlar olsun, təsəvvür edin, nə qədər belə qadınlar var ki, uşaqlarını qoymağa yerləri yoxdur. Biz bu istiqamətdə işlər aparmalıyıq. Dövlət qurumlarına bununla bağlı müraciətlərimiz olacaq".

Qeyd edək ki, Ayanın 5 yaşı var, o, məktəbəqədər hazırlıq yaşındadır. Artıq azyaşlının məktəbəqədər hazırlığı ilə əlaqədar olaraq birlik tərəfindən müəyyən addımlar atılıb. Belə ki, azyaşlı birlik tərəfindən müəllimlərlə təmin olunub, nəzarətə götürülüb.