Bayden İsrail və Fələstin liderləri ilə danışdı

ABŞ prezidenti İsrailin baş naziri Binyamin Netanyahu və Fələstinin dövlət başçısı Mahmud Abbasla telefonda Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Sputnik

BAKI, 16 may - Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin dəftərxanası məlumat yayıb.

Baş nazir Netanyahu Baydenə regiondakı son vəziyyət, İsrail tərəfindən atılacaq addımlar barədə məlumat verib.

Baydenin Fələstinin dövlət başçısı Mahmud Abbasla da telefon danışığı baş tutub. Bunu Fələstinin “Fatah” hərəkatının mərkəzi komitəsinin üzvü Hüseyn əş-Şeyx öz Twitter səhifəsində yazıb. Lakin onların danışığının təfərrüatları açıqlanmır.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.

İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.