BAKI, 15 may - Sputnik. Rusiyanın Perm vilayətində iki məktəbli qız “TikTok” üçün video çəkərkən ot tayalarını və fermanı yandırıblar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya DİN-in Perm vilayət dövlət idarəsiin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Nıtvensk rayonunda yerləşən fermaların birində, iki məktəbli qız “TikTok” sosial şəbəkəsinə video çəkmək üçün quru otlardan istifadə etmək qərarına gəliblər. Qızlar ot tayasını yandırıb-söndürmək və bunu videoya çəkmək istəyiblər. Lakin onların odla oynaması ağlamalı vəziyyət yaradıb: ot tayaları alışıb. Məktəblilər onu söndürməyə cəhd etsilərə də, buna nail ola bilməyiblər və hadisə yerindən qaçıblar.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin onlar hadisə yerinə gələndə çox gec olub. Yanğın 195 ton ot bağlaması ilə birlikdə fermanı da məhv edib. Ümumilikdə fermaya 150 min rubl (3450 AZN) dəyərində ziyan dəyib. Hər iki məktəbli qız saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızların valideynləri ilə söhbət ediblər.
Valideynlərlə bağlı inzibati xətaya dair protokollar tərtib edilib. Onlar Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin "Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsi" maddəsi üzrə inzibati tənbeh alıblar.