Son 30 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıb

Planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su ehtiyatlarının azalması və buzlaqların əriməsi müşahidə olunur.
Sputnik

 

BAKI, 15 may — Sputnik. Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu məsələlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

O qeyd edib ki, planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su ehtiyatlarının azalması və buzlaqların əriməsi müşahidə olunur.

Onun sözlərinə görə, iqlim dəyişmələrinə məcburi uyğunlaşma vasitələri adi hala çevrilməkdədir: "Son 30 ildə temperaturun artımı 1°C-dən də yüksəkdir ki, bunun nəticəsi olaraq Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb. Gələcəkdə orta temperaturun 2°C və daha çox artması senarilərinə uyğun olaraq su resurslarının paylanmasında fundamental dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər planlaşdırılır ki, onların icrası nəticəsində gələcəkdə mümkün su defisitlərinin qarşısını kifayət qədər almaq olar".