BAKI, 15 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfər ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qeyd edək ki, Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
Prezident və ailə üzvləri bu mərasimdə də iştirak ediblər. Dövlət başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.
Prezident ailəsi Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini də ziyarət ediblər.