CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gülüşlərə, ən xoş anlara, xatirələrə şahidlik edəcək "Tələbə Evi" - REPORTAJ

Sakinlərinin yolunu səbrsizliklə gözləyən bu bina yəqin ki, ən xoş xatirələrin, ülvi hisslərin bir xatirəsinə çevriləcək, xoşbəxt, qayğısız gülüşlərə şahidlik edəcək.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Oxumaq, təhsil almaq üçün müxtəlif rayonlardan şəhərə axışanların tələbəlik həyatı elə də asan olmur. Xüsusən də Bakı kimi bir şəhərdə tələbə olaraq yaşamaq çox çətin olur. Düzdür, hazırda koronavirus pandemiyası tələbəliklə bağlı vəziyyəti də əsaslı şəkildə dəyişib, lakin bu həmişə belə olmayacaq. Gündəlik xərclər, bahalıq, kirayə qiymətlərinin durmadan artması Bakıya kənardan gələnlərin həyatını bir qədər də çətinləşdirir. Həyata müstəqil olaraq ilk qədəmlərini atan tələbələr üçün də başqa rayonlardan gəlib Bakıda yaşamaq heç də asan olmur. Onların bu kimi səbəblərdən təhsilini yarımçıq qoyaraq öz rayonlarına qayıdanlar, yaxud da xərclərini qarşılamaq, ailəsinə yük olmamaq, ən azı aylıq kirayə haqqını ödəmək üçün gecə növbəsində işləyənlər də az deyil.

Əksər hallarda universitetlərin yataqxanaları yararsız vəziyyətdə olduğundan və say məhdudiyyəti olduğundan bir çoxları kirayə evlər axtarmaq, ödəniş etmək məcburiyyətində qalırlar. Bir neçə il öncə Bakı Dövlət Universitetinin yataqxanasında tələbə ölümü ilə nəticələnən hadisə də yataqxanalarla bağlı problemi bir daha aktuallaşdırdı. Universitetdən bir qədər aralıda yerləşən bu yataqxanalar tamamilə yararsız vəziyyətdə olduğundan valideynlər övladlarının bu cür yataqxanalarda yaşamalarına razılıq vermirlər.

Gülüşlərə, ən xoş anlara, xatirələrə şahidlik edəcək "Tələbə Evi" - REPORTAJ

Artıq bir müddətdir ki, Bakı Dövlət Universitetinin 6 nömrəli yataqxanası olan "Tələbə Evi" istifadəyə hazır vəziyyətə gətirilsə də, pandemiya ilə əlaqədar olaraq hələlik ki, istismara verilməyib. Sputnik Azərbaycan olaraq "Tələbə Evi"ndə olduq.

Bura yüzlərlə tələbənin həm də qonşu olacağı bir məkandır. 2019-cu ilin avqustundan tikilməyə başlayan bina, 2020-ci ilin yanvarında istismara hazır vəziyyətə gətirilib. Binaya girişdə nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki, həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxırlar.

"Tələbə evi"nin ilk iki mərtəbəsində qızlar, digər üç mərtəbəsində isə oğlanlar yaşayacaqlar. Binaya giriş eyni qapıdan olsa da, oğlanlar və qızların mərtəbəsinə giriş və çıxış fərqli istiqamətlərdəndir. Oğlan və qız tələbələrin dəhlizləri xüsusi arakəsmə ilə bir-birindən ayırılır. 6 nömrəli bu yataqxanın ümumi girişində oxu zalı, asudı vaxt otağı var. Təxminən 50-55 nəfər üçün nəzərdə tutulan bu zalda tələbələr asudə zamanlarını keçirəcəklər. Digər otaqda isə tələbələrə şahmat oynamaq üçün imkan yaradılır.

Gülüşlərə, ən xoş anlara, xatirələrə şahidlik edəcək "Tələbə Evi" - REPORTAJ

Mərtəbələri gəzərək otaqlarla da tanış oluruq. 104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. Rəfiqələri ilə birlikdə qalmaq istəyən tələbələr üç çarpayılıq yerləri seçə bilərlər. Qızların otağında iki dolab, tək nəfərlik ayrıca yataq dəstləri, dərs hazırlamaq üçün üzərində kitab rəfi olan kompüter masaları var. Bundan əlavə tələbələrin rahatlığını təmin etmək məqsədilə otaqlara məişət əşyalarını yerləşdirmək üçün kiçik dolablar, güzgülü kamot da yerləşdirilib. Burada həmçinin tələbələrin qonaqları üçün hər bir şəraitli otaqlar var.

"Tələbə evi"dəki qonaq otağı universitetə qısa müddətə gələn xarici qonaqlar üçün nəzərdə tutulub. Qonaq otağı bir nəfərlik çarpayıdan, dolab və kompüter masasından, güzgülü kamotdan ibarətdir. Otağın içində rahatlığı təmin etmək məqsədilə ayrıca duş kabinəsi olan sanitar qovşaqlar yaradılıb.

Binada həm ümumi hamam və ayaqyolu, həm də hər bir otağın ayrı-ayrılıqda ayaqyolu-hamamı var. Otaq isə bütün avadanlıqlarla təmin olunub. Burada tibb otağı, ayrıca məişət otağı, ümumi yeməkxana, bundan əlavə kiçik mətbəx də var.

Yataqxanının mətbəxi də tələbələrin istirahəti üçün əlverişlidir. Mətbəx yemək qızdırmaq üçün mikrodalğalı soba, həmçinin 2 ədəd 143 litrlik soyuducu ilə təchiz edilib. Burada mətbəx mebeli quraşdırılıb, elektrik çaydanı qoyulub. Həmçinin tələbələrin mətbəx avadanlıqlarını saxlamaları üçün bağlı rəflər var.

Gülüşlərə, ən xoş anlara, xatirələrə şahidlik edəcək "Tələbə Evi" - REPORTAJ

"Tələbə evi"inin binasında nəzarəti gücləndirmək məqsədilə təhlükəsizlik kameraları quraşdırılıb. Binanın kommunikasiya xətləri yenilənib, yeni texnologiyalara əsaslanan qazanxana tikilib. Müasir tələblərə cavab verən istilik sistemi yaradılıb, isti su ilə təmin edilib. Tələbələrin yeni istifadəyə verilən yataqxanaya köçürülməsi ənənəvi tədris başladığı zaman gerçəkləşəcək. Sakinlərinin yolunu səbrsizliklə gözləyən bu bina yəqin ki, ən xoş xatirələrin, ülvi hisslərin bir xatirəsinə çevriləcək, xoşbəxt, qayğısız gülüşlərə şahidlik edəcək.