QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşa məscidi öz orijinallığı və memarlıq üslubu ilə görənləri heyrətə gətirəcək - FOTOLAR

İlham Əliyev: "Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır".
Sputnik

BAKI, 12 may - Sputnik. Şuşada bu gün Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan məscid modern memarlıq üslubunda layihələndirilərək inşa ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir. Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Bu, Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.
Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın “Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq.

Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq.

Məscidin ideya müəllifi Prezident İlham Əliyevdir. O, özü mayın 12-də Şuşada məscidin təməlini qoyarkən bu barədə deyib: 

"Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir.

Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı".