Şəhidin xanımı: Atasını büküb gətirdikləri bayrağa, övladımı bükürəm ki, ətri hopsun

"Şəhid Məhəmməd Osmanovun Mingəçevir doğum evində dünyaya gələn oğlan övladına Məhəmmədxəlil adı verilib.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Vətən müharibəsində canını fəda edən oğullardan biri də Məhəmməd Osmanovdur. O, 26 il öncə Ağdaş rayonun Ərəbocaq kəndində doğulub. Hələ kiçik yaşlarından hərbiyə həvəsli olması ilə diqqət çəkib. Doğmaları Məhəmmədi hərbçi olmaq fikirindən daşındırmaq istəsələr də, o, vətən torpaqları azad olunmayana qədər fikirindən dönməyəcəyini bildirib.

Elə hərbi xidməti başa vurduqdan sonra MAXE kimi yenidən ordu sıralarında xidmətə başlayıb. 44 günlük Vətən müharibəsinin ilk günlərində ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. 29 sentyabrda Talış-Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

Sputnik Azərbaycan xəbər verir ki, şəhid Məhəmməd Osmanovun 9 may tarixində Mingəçevir şəhər Xəstəxənasının doğum evində oğlan övladı dünyaya gəlib. Ailənin ikinci övladı olan oğlan uşağına şəhid atasının istəyinə əsasən Məhəmmədxəlil adı verilib. Bu haqda şəhidin həyat yoldaşı Türkan Osmanova Sputnik Azərbaycan-a bildirib:

"İlk övladımız qız uşağıdır. Məhəmməd oğlan övladımızı görməyi çox arzulayırdı. Özü deyirdi adını Məhəmmədxəlil qoyacam. İstəyinə uyğun olaraq, uşağa həmin adı verdik. Oğlumu atasının şəhid olan zaman büküldüyü bayrağa bükürəm ki, qoy ətri hopsun üstünə."

Qeyd edək ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində dünyaya gələn Məhəmmədxəlil Osmanov 2 kiloqram 900 qram çəkidə sağlam doğulub. Hazırda ananın və uşağın durumu kafidir.