İQTİSADİYYAT

Ölkədə əhalinin nağd dollar və avro alışı niyə kəskin azalıb? Səbəb bəlli oldu

İqtisadçılar bu ilin ilk 3 ayında Azərbaycan əhalisinin nağd dollar və avro alışının kəskin azalmasının səbəblərindən danışıblar.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu ilin ilk 3 ayında Azərbaycan əhalisinin nağd dollar və avro alışı kəskin azalıb. 3 ayda əhalinin banklardan aldığı nağd dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə azalıb. Eyni zamanda cari ilin 3 ayında əhalinin nağd avro alışı ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə azalıb.

Bəs, kəskin azalmanın səbəbləri nədir və bunun ölkə iqtisadiyyata təsiri necədir?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, nağd dollar və avro alışının kəskin azalmasının əsas səbəbi sərhədlərin bağlı olmasıdır: "Sərhədlərin bağlı olması nağd dollar və avroya tələbatı kəskin aşağı salıb. Əvvəllər insanlar xaricə səfərlər edirdilər və özləri ilə nağd dollar və avro aparırdılar. Hətta Gürcüstana gedənlər belə özləri ilə valyuta aparırdılar. Hazırda sərhədlərin bağlı qalması nağd dollar və avroya tələbin azalmasına səbəb olub".

"Ümumiyyətlə, sərhədlərin bağlı olması, valyutaya tələbin kəskin azalması iqtisadi aktivliyə mənfi təsir göstərən amildir. İqtisadi aktivlik azaldıqca iqtisadiyyatın çarxlarının dönmə sürəti də azalır. Bu, o cümlədən turizm sahəsinə də aiddir", - deyə o qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, ilin sonunda xərclər və dövriyyə artır: "Lakin ilin əvvəllərində xərclər az olur və dövriyyə azalır. Ona görə də ilin ilk 3 ayında nağd dollar və avro alışında azalma müşahidə edilib. Son aylarda dünyada dollara təzyiqlər də var. Digər tərəfdən, pandemiya dövründə iqtisadi fəallıq, xaricə gediş-gəliş azalıb. Ona görə də dollar və avro alışında azalma var".

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkə əhalisi banklardan 626,252 mln. nağd dollar və 37,906 mln. nağd avro alıb.