Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür

Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapılmayıb. Tapıldıqdan sonra 21 dekabr 2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndindəki şəhidlər xiyabanında dəfn olunub.
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. 44 günlük Vətən müharibəsinin şəhid əsgər və zabitlərmiz adlarını Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Onların arasında Tovuzda iyul döyüşlərində iştirak edən və vətən müharibəsində Murov istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olan Elburus Yusifovun bu gün doğum günüdür.

Azərbaycan Ordusunun kiçik çavuşu Elburus Yusifovun özü elə Ermənistanla sərhəddə yerləşən Tovuzun Ağdam kəndində doğulub boya başa çatıb. Uşaqlıq illərindən düşmənin xislətinin canlı şahidi olub. Bu səbəbdən Elburus vətənin keşiyində durmaq, hərbçi olmaq qərarı verib. Müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. 12 il hərbçi kimi Vətən torpaqlarının keşiyini çəkib. Kənd məktəbində işləmiş atası Şəmsi müəllim Sputnik Azərbaycn-a oğlunun vətənə, elinə-obasına bağlı gənc olmasından danışıb:

Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür

"Orta məktəbdə oxuyandan hərbiyə meyilli idi. Elə oldu ki, hərbi məktəbə daxil ola bilmədi, əsgərliyə getdi. Bakıda xidmətdən qayıtdıqdan sonra kiçik komandirlər məktəbinə iş verdi. Ora qəbul olundu, oxudu, qurtardı. Yaxşı snayper idi. İşlədiyi dövrdə medallarla təltif olundu. Mən bir ata kimi oğlumun şəhid adı ilə fəxr edirəm".

İyul döyüşləri Elburus üçün daha önəm daşıyıb. O, doğma kəndində gedən döyüşlərdə düşmənin təxribatının qarşısının alınmasında mərdliklə iştirak edib. Vətən müharibəsi başladıqda isə artıq xidmətini Kəlbəcər-Murovdağ istiqamətində davam etdirib. Ailəsi ilə tez-tez telefonla danışan Elburus həmişə də hər şeyin qaydasında olduğunu deyib. Sonuncu dəfə isə oktyabrın 1-də, vətən müharibəsinin qızğın döyüşlərinin getdiyi dövrdə ailəsi ilə danışıb. Ən çox ünisiyyətdə olduğu, telefonla əlaqə qurduğu isə kiçik qardaşı Hikmət olub. Hikmət iyul döyüşlərində xalası oğlu Elşad Məmmədovun şəhid olmasından sonra Elbrusda düşmənə qarşı nifrətin daha da artdığını söyləyib.

"Kəşfiyyatçı snayper idi. Onunla birgə döyüşən xalamız oğlu şəhid olandan sonra çox əsəbiydi. Müharibə olmasını, torpaqlarımızın işğaldan biryolluq azad edilməsini istəyirdi. Şəhidlik zirvəsinə ucalmamışdan qabaq döyüş əmri verilməyən ikinci taborda olmalı idi. Lakin könüllü çıxıb ki, mən də gedəcəm döyüşə. Döyüş vaxtı düşmənin postunu alıblar. Lakin əks hücum olub. Güllələri qutarana kimi döyüşərək şəhid olublar", -deyə qardaşı məlumat verib.

Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür

Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapılmayıb. Tapıldıqdan sonra 21 dekabr 2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndindəki Şəhidlər xiyabanında dəfn olunub. Onun Elmidar və Şəmsi adlı iki oğul övladı qalıb.