CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür

Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.
Sputnik

BAKI, 12 may - Sputnik. ABŞ Müdafiə Nazirliyi və Çinin elektronika nəhəngi “Xiaomi” respublikaçı Donald Trampın prezidentliyi dövründə qəbul edilmiş sərmayə qadağasının şirkətin üzərindən götürülməsi barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi məhkəmə sənədinə istinadən yayıb.

Sənədə əsasən, tərəflər məhkəməni davam etdirməyə ehtiyac olmadan mübahisənin həllinə imkan verəcək əlavə addımlar barədə razılığa gəliblər.

Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.

Pentaqon bu ilin yanvarında ABŞ-da fəaliyyət göstərən və rəsmi Vaşinqtonun fikrincə, ÇXR hərbi sənayesi ilə əlaqəsi olan Çin şirkətlərinin siyahısını genişləndirib. Siyahıya “Xiaomi” də salınıb. Trampın fərmanına əsasən, ABŞ biznesmenlərinə siyahıdakı şirkətlərə investisiya yatırmaq qadağan edilir.