QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev

Prezident: "Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm".
Sputnik

BAKI, 12 may - Sputnik. "Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılış nitqində deyib.

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır", - Prezident deyib. 

O qeyd edib ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və artıq Şuşanın bərpa edilməsinə başlanılıb.

"Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq", - İlham Əliyev əlavə edib.

Həmçinin oxuyun: 

İlham Əliyev “Xarıbülbül” festivalının açılışında çıxış edib