İran və ABŞ hərbi gəmiləri arasında insident baş verib

Bu kimi hərəkətləri müşahidə edən Sepahın hərbi dəniz qüvvələrinə məxsus hərbi katerlər ABŞ-ın gəmilərinə xəbərdarlıq edib və onları sərhəddən uzaqlaşdırıblar.
Sputnik

BAKI, 11 may - Sputnik. Fars körfəzində İranın sahil mühafizə xidmətinin katerləri ilə ABŞ-ın hərbi gəmiləri arasında insident baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada deyilir.

Yayılan yazılı açıqlamada əvvəlcə ABŞ Müdafiə Nazirliyinin beynəlxalq sularda İrana məxsus 13 hərbi katerin ABŞ-ın 7 hərbi gəmisinə qarşı təxribat törətdiyi haqqında iddiası rədd edilib. Nəzərə çatdırılıb ki, mayın 10-da təxribat hərəkətlərini İran yox, ABŞ gəmiləri törədiblər. Körfəzdəki ABŞ gəmiləri İranın dəniz sərhədinə həddən artıq dərəcədə yaxınlaşaraq gəmidəki hərbi vertolyotların uçuşunu təşkil edib və havaya həyəcan fişəngi buraxaraq qeyri-professional addımlar atıblar. Başqa dövlətin dəniz sərhədi yaxınlığına bu kimi hərəkətlərə yol verilməsi dənizçilik haqqında beynəlxalq qanunlara ziddir.

Bu kimi hərəkətləri müşahidə edən Sepahın hərbi dəniz qüvvələrinə məxsus hərbi katerlər ABŞ-ın gəmilərinə xəbərdarlıq edib və onları sərhəddən uzaqlaşdırıblar.

Sepahın hərbi dəniz qüvvələri bir daha bəyan edir ki, sərhədləri yaxınlığında belə təxribatlara icazə verməyəcək və əgər qarşı tərəf qeyri-qanuni davranarsa sərt şəkildə cavab veriləcək.